Müdafiə və təhlükəsizlik xərclərinin artırılması Ermənistanın riyakar fəaliyyətinə cavabdır - Azər Bayramov

“Prezident İlham Əliyevin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində 2025-ci ildə hərbi büdcəmizin rekord həddə olacağını açıqlaması Ermənistanda müzakirələrə səbəb olub. Prezident bildirib ki, Ermənistanın sürətlə silahlanması fonunda Azərbaycanın bu addımı atması təbii və qaçılmazdır”.

“İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfi sülhlə bağlı müəyyən çıxışlar etsə də, ancaq əməli olaraq biz tamamilə əks fəaliyyətini izləyirik. Bu da Ermənistan tərəfinin çox ciddi şəkildə silahlanması və eyni zamanda ordusunun yenidən formalaşdırılması, hərbi büdcənin artırılması ilə bağlı çox ciddi addımlar atdığını müşahidə edirik. Əlbəttə, burada tək Ermənistan yox, Ermənistanın baş havadarı Fransanın dırnaqarası fəaliyyətini xüsusi vurğulamalıyıq. Belə olan bir şəraitdə Azərbaycan tərəfi də bir çox qabaqlayıcı tədbirlər görmək məcburiyyətindədir. Məhz elə bu səbəbdən də Azərbaycan gələn ilin müdafiə və təhlükəsizlik xərclərinin ciddi şəkildə artırılması qərarını verdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Hərbi ekspert qeyd edib ki, çox doğru qərardır və əməli olaraq Ermənistanın bu riyakar fəaliyyətinə cavab kimi qiymətləndirməliyik.

“Məhz elə Ermənistan cəmiyyətində də Azərbaycan tərəfinin bu addımı ciddi təşvişə səbəb olub. Onlar bilməlidir ki, məhz bütün bu proseslər Ermənistanın riyakar davranışlarına qarşı cavab tədbirləridir. Hesab edirəm ki, biz bundan sonra da hər zaman olduğu kimi, müdafiə və təhlükəsizlik xərclərinə çox ciddi şəkildə diqqət yetirəcəyik. Ümumiyyətlə, Azərbaycan dövlətinin qarşısında duran ən prioritet məsələ məhz elə təhlükəsizliyimizdir. Hansı ki, bu istiqamətdə də bu günə qədər çox ciddi addımlar atılıb və bundan sonra da sözügedən məsələ ilə bağlı biz dinamik inkişafı müşahidə edəcəyik. Ermənistan və onun havadarları heç bir halda unutmamalıdır ki, istənilən sahədə və fəaliyyətdə məhz Azərbaycan tərəfi onları ən azı üç-beş addım qabaqlayır. Elə hesab edirəm ki, Ermənistan tərəfi nə qədər təhlükə və təhdid yaradacaq fəaliyyətlə məşğul olacaqsa, məhz Azərbaycan tərəfi də bunun qarşılığında bütün zəruri addımları atacaqdır”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az