Turab Rzayev: "Paşinyanın bu çıxışı bizim üçün çox əhəmiyyətlidir"

“Ermənistanın Baş naziri Nikol Paşinyanın AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verməsi müzakirələrə səbəb olub. Baş nazir mülki şəxslərin həlak olmasına görə kədərləndiyini bildirib. Paşinyanın addımı Azərbaycan ictimaiyyətində təqdir edilsə də, Ermənistanda birmənalı qarşılanmayıb. Ermənilər arasında onun doğru addım atdığını deyənlərlə yanaşı, açıqlamasını tənqid edənlər də var. Bu, həm də son 30 ildə İrəvan rəhbərlərindən birinin Bakıya qarşı ilk humanitar yanaşması kimi dəyərləndirilir”.

“Əlbəttə ki, bu, çox maraqlı və eyni zamanda çox əhəmiyyətli məsələdir. Nikol Paşinyanın Azərbaycana qarşı sülh istədiklərini belə bir diplomatik addımla təsdiqləmiş oldu. Eyni zamanda sosial şəbəkələrdə erməni seqmentinə də baxıram, orada da bir sıra erməni vətəndaşların hadisə ilə bağlı üzüldüyünü və Azərbaycana başsağlığı verdiklərini görürük. Həmçinin kilsəyə gedib şam yandıran, dua edənlər də var. Digər tərəfdən erməni teleqram kanalında da biz açıq şəkildə Azərbaycana qarşı bu cür dəstək və ölən şəxslərə qarşı duaların, müsbət yazıların şahidi oluruq”

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi qeyd edib ki, bunu gələcəkdə iki cəmiyyət arasında sülh müqaviləsinin imzalanması, cəmiyyətlərin yaxınlaşması, düşmənçiliyin azaldılması istiqamətində addım kimi dəyərləndirmək olar.

“Nikol Paşinyanın bu çıxışı bizim üçün çox əhəmiyyətlidir. Təbii ki, Ermənistanda Nikol Paşinyanın bu çıxışının əleyhinə olan, bu məsələdə onun Azərbaycana başsağlığı verməsini qəbul etməyən və yaxud hətta özünü sevinmiş kimi göstərən insanlar da var. Onlar da daha çox şovinist, xəstə insanlardır ki, hər cəmiyyətdə onlardan var. Eyni şəkildə Azərbaycan cəmiyyətində də biz kifayət qədər bu cür sivil cəmiyyət qaydalarını, sivil yaşam normalarını bilməyən, hörmət etməyən insanların şahidi olmuşuq”.

Rəfiqə NAMAZƏLİYEVA