Vaxtında ölkəni tərk etməsə Zurabişvilini eynən Saakaşvili kimi həbs cəzası gözləyir - Zeynal Əmrəliyev

“Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Gürcü Arzusu Partiyasının qələbəsindən sonra ölkədə başlayan etiraz aksiyalarına rəhbərlik etməsinin ardınca hələ də gündəmdədir. Onun xalqı etiraza səsləməsi, hakimiyyət çevrilişi etməyə çağırışı ictimaiyyətdə birmənalı qarşılanmır. Belə ki, səlahiyyət müddəti bitmiş S.Zurabişvilinin sabiq prezident Mixail Saakaşvilinin taleyini yaşayacağı haqqında da fikirlər səsləndirilməkdədir”.

“Gürcüstanda prezident Salome Zurabişvili və indiki hakimiyyət arasında uzun müddətdir ki, mübarizə gedir. Faktiki olaraq tərəflər bir-birini hətta vətənə xəyanətdə ittiham edirlər. Bütün bunlara nəzər yetirdikdə aydın olur ki, Zurabişvili mübarizədən demək olar ki, məğlub ayrıldı. Ən yaxşı halda o ölkədən qaçmaqla canını qurtara bilər və onu biz bilirik ki, əsas hamisi məhz Fransadır. Parisə qaçmaqla canını qurtara bilər. Bu yaxınlarda “Gürcü arzusu” partiyasının rəhbəri və hakimiyyətin faktiki sahibi olan Bidzina İvanişvili ilə Fransa prezidenti Emanuel Makronun arasında bir saatdan çox davam edən telefon danışığı olmuşdu”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, həmin telefon danışığında çox böyük ehtimalla Zurabişvilinin taleyi də müzakirə edilib.

“Düzdür, Gürcüstan prezidenti hazırda etinadsızlıq göstərir. Bildirir ki, prezident iqamətgahını tərk etməyəcək, çünki seçkilərin nəticələrini tanımır. Prezidenti seçən parlamenti tanımadığını bildirir və prezident sarayını tərk etməkdən imtina edir. Ancaq hər bir halda güc strukturlarını, hökuməti hərəkətə gətirərək həmin Zurabişvilinin prezident sarayını tərk etməsinə şərait yaradacaqlar. Çünki artıq Konstitusiyaya görə, onun səlahiyyət müddəti dekabrın sonlarına doğru başa çatır. Gürcüstanda faktiki olaraq, siyasi mübarizədə indiki iqtidar qalib gəldi. Yəni müxalifət və prezident Zurabişvili bu mübarizədə məğlub oldular və bu da öz özlüyündə həmin şəxslərin, prezidentin həbs olunma ehtimalını artırır. Əgər sona qədər müqavimət göstərərsə və yenidən bu cür çağırışlar edərsə, vaxtında ölkəni tərk etməsə Zurabişvilini eynən Mixail Saakaşvili kimi həbs cəzası gözləyir. Nəzərə alaq ki, hökumətin bəzi nümayəndələri elə baş nazir Kobaxidze, digər nazirlər Zurabişvilini çox ağır cinayətlərdə ittiham edirlər. Artıq səlahiyyət müddətinin bitməsinə günlər qalmış Zurabişvilinin ölkədən çıxıb getməsi və Fransaya yerləşməsi məsələləri də müzakirə edilir. İndi gələcək günlərdə yəqin ki, bu məsələyə aydınlıq gətiriləcək. Ancaq ümumi halda prezident və müxalifətin birləşməsi indiki hökumətə qarşı siyasi mübarizədə demək olar ki, məğlub oldu”.

Rəfiqə NAMAZƏLİYEVA