"İran ali dini liderinin fətvası varsa, hər şey ola bilər" - AÇIQLAMA

“Son günlərdə İran Prezidenti Məsud Pezeşkiana qarşı impiçment prosedurunun başladıla biləcəyi iddia olunur. Çox iddialı şəkildə hakimiyyətə gələn Pezeşkiana qarşı belə iddiaların səslənməsinə səbəbin xarici siyasətdəki uğursuzluqlar olduğu deyilir”.

“İranda siyasəti ali dini lider və digər qurumlar müəyyənləşdirir. Prezident sadəcə bu xarici siyasəti icra edən bir fiqurdur. Bu baxımdan xarici siyasətdə üzləşilən uğursuzluqların cəzasının İran prezidenti Məsud Pezeşkiana yönəldilməsi məntiqli yanaşma olmazdı. Pezeşkianı hakimiyyətə gətirən onsuzda ali dini rəhbərdir”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloq qeyd edib ki, əgər vəzifədən gedəcəksə də, bunu xalq yox, yenə ali dini rəhbər edə bilər.

“İranda siyasi dinamiklər çox fərqli, özünə xas quruluşa malikdir və teokratik bir rejim olduğu üçün burada qanunlar da teokratik əsaslarla tərtib edilir. Yəni bu elə bir təəssürat var ki, sanki Amerikadan danışırıq, impiçment veriləcək. Əslində belə bir durum yoxdur. İranda belə bir şey olmur. Ali dini rəhbərin fətvası varsa, hər şey ola bilər, yoxsa heç nə olmayacaqdır. İranın xarici siyasətdəki uğursuzluqlarını iranlıların özlərindən soruşsaq, uğursuzluqları yoxdur deyərlər. Amma İsraillə gərginlik fonunda kifayət qədər ciddi yanlışları, uğursuzluqları oldu. Ən əsası da “Hizbullah”ın, HƏMAS-ın məğlub olması və gücdən düşməsi, Suriyada Əsəd rejiminin devrilməsi, Husilərin hazırda İsrail tərəfindən hücumlara məruz qalması kimi məsələlər İran xarici siyasətindəki ciddi boşluqlar və yanlışlıqlardan irəli gəlir”.

Rəfiqə NAMAZƏLİYEVA