ABŞ, Aİ və Fransanın Cənubi Qafqaz oyunu... HƏDƏF GÜRCÜSTAN

“Gürcüstanda gərginlik səngimək bilmir. Ölkə Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddətinin bitməsinə sayılı günlər qaldıqca daha radikal açıqlamalar verməyə başladı. Hərbi ehtiyatda olan zabitlərlə Salomenin görüşü ayın 29-dan sonrakı hadisələrə hazırlıq kimi dəyərləndirilir. Bəzi ekspertlərin sözlərinə görə, həmin mərhələ olduqca təhlükəli olacaq. Hətta Fransa və digər Qərb dairələrinin Zurabişviliyə prezident kreslosunu buraxmağa icazə vermədiyi haqqında da fikirlər səsləndirilməkdədir”.

“Bu, tamamilə inandırıcı ehtimaldır. Çünki hazırda Fransanın agenti olduğu iddia olunan Salome Zurabişvilinin liderliyi altında iki hakimiyyətlilik yaratmaq cəhdi göstərilir. Gürcüstanda iki hakimiyyətlilik yaratmaq və sonra da bunu vətəndaş müharibəsinə çevirmək niyyəti güdür. Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransa bu üçlük Ermənistan kimi Gürcüstanı da özünün siyasi müstəmləkəsinə çevirmək istəyir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, hələlik buna nail olmadıqlarına görə Qərb kəşfiyyatı Gürcüstanda vətəndaş müharibəsi törətmək üçün münbit şərait yetişdirməyə çalışır.

“Bu da ondan ibarətdir ki, Salome Zurabişvilinin prezident səlahiyyətləri sona çatdıqdan sonra Gürcüstanda qalacaq və iki hakimiyyətlilik yaratmağa çalışacaq. Bundan sonrakı mərhələdə də bu iki hakimiyyətlilik Gürcüstanda vətəndaş müharibəsinin törədilməsinə səbəb ola bilər. Burada da əsas məqsəd yalnız Gürcüstan deyil, ümumiyyətlə, Cənubi Qafqazda Ermənistan üzərindən hələlik nail ola bilmədikləri regional savaşı Gürcüstan vasitəsilə törətməkdir. Gürcüstandakı vətəndaş müharibəsini Cənubi Qafqaz savaşına çevirməklə bu regionu yenidən münaqişə ocağına çevirmək planlarını işə salıblar. Bunun hansı səviyyədə uğurlu olub-olmayacağı, böyük ehtimalla Gürcüstanda hazırda mövcud olan qanuni hakimiyyətin atacağı qətiyyətli, prinsipial addımlardan asılı olacaq”.

Rəfiqə NAMAZƏLİYEVA