"KTMT-nin iclasları Minskdə keçirilərsə, Ermənistan hamısında iştirak edən deyil " - Sultan Zahidov

“Ali Avrasiya İqtisadi Şurasının keçirilən son iclası zamanı Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yaşanan mübahisə ictimaiyyətdə maraqla qarşılanıb. Paşinyan Azərbaycanla münasibətləri yumşaltmaqdan danışır, amma Belarusa və xüsusən Lukaşenko ilə daim gərginlik yaşayır”.

“Avrasiya İqtisadi Birliyinin son sammitində Paşinyanla Lukaşenko arasında bir mübahisə yaşanmış oldu. Bu bir daha iki ölkə arasındakı münasibətlərin heç də pik həddini yaşamadığının göstəricisidir. Deyərdim ki, son bir neçə ildir ki, Ermənistan- Belarus münasibətləri hamar getmir. Hələ 3-4 il öncə Ermənistan rəhbərliyi Belarusiyanı Azərbaycana “Polonez” raket sistemləri təchiz etməkdə günahlandırmışdı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, daha sonra isə bu ilin may ayında Lukaşenkonun Azərbaycana səfəri zamanı İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın mövqeyinə uyğun bəyanatlar səsləndirməsi Paşinyanı daha da acıqlandırdı.

“İyun ayında Ermənistan Belarusiya səfirini geri çağırmaqla bağlı göstəriş verdi. Daha sonra Belarusiya da öz səfirini geri çağırdı. Həmin vaxt Paşinyanın belə bir müsahibəsi olmuşdu ki, nə qədər ki, Lukaşenko hakimiyyətdədir, mən Belarusiyaya, Minskə getməyəcəyəm. Bu hallar sözsüz ki, iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşmədi. İndi də biz bunun davamını görürük və qeyd etmək lazımdır ki, növbəti ay Avrasiya İqtisadi Birliyinin Minskdə növbəti görüşü olacaqdı. Paşinyanın orada onlayn iştirak edəcəyik deməsi Lukaşenkonu hiddətləndirmiş və nəticədə tərəflər arasında bir növ qarşılıqlı ittihamlar səsləndirilmişdi. Bu düşmənçiliyin alt qatında nə dayanır? Düşünürəm ki, Ermənistan rəhbərliyinin tutduğu bir kurs, xüsusən də xarici siyasət kursu var. Bu kurs son vaxtlar daha çox Qərb istiqamətinə meyillənib. Qərbdə Lukaşenkoya birmənalı yanaşılmır. Ona hətta “Avropanın son diktatoru” kimi baxılır, Belarusiya əksər qurumlardan xaric edilib. Bu baxımdan Ermənistanın Belarusiya ilə yaxın təmasları düşünürəm ki, Qərbdə də bəyənilməyən bir haldır. Digər tərəfdən, Rusiyaya bəlkə də ən yaxın müttəfiq dövlət Belarusiyadır. Ermənistan- Belarusiya münasibətlərinə, həm də Ermənistan- Rusiya münasibətlərinin bir proyektoriyası kimi də baxa bilərik və bütün bu baş verənlər də dediklərimin əsaslı göstəricisidir. Düşünürəm ki, Lukaşenkonun orada hakimiyyətdə olması və Paşinyanın hazırkı ritorikası iki ölkə münasibətlərində problemlər yaradan faktorlardır. Hesab edirəm, Minskdəki görüşdə də Ermənistan iştirak etməyəcək. Növbəti görüşlərdə istər Avrasiya İqtisadi Birliyinin, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirləri əgər Minskdə baş verəcəksə, Ermənistan bunların heç birində iştirak edəcək deyil”.

Rəfiqə NAMAZƏLİYEVA