- Müşahidə məntəqəsi
- 6 Yanvar 18:33
- 1 530
"Bu virusların yoluxduruculuq qabiliyyəti çox yüksəkdir" - AÇIQLAMA
“Ölkə ərazisində qrip virusu tüğyan edir. Bunu insanların sağlamlıq vəziyyətinə nəzər salanda asanlıqla anlamaq mümkündür. Lakin həmin xəstəliyin qrip olmadığı, daha ağır versiyalar barədə iddialar da az deyil”.
“Ümumiyyətlə, soyuq qış aylarında biz həkimlər hər zaman üst tənəffüs yollarının virus mənşəli infeksiya halları ilə çox rastlaşırıq. Pasiyentlər daha çox yüksək hərarət, burun tutulması, burun axması, boğaz ağrısı, boğazda qıcıqlanma, quru öskürək, bədən ağrıları kimi şikayətlərlə daha çox müraciət edirlər. Bu tip şikayətlərin bir çoxu virus infeksiyalarına xas olan əlamətlərdir, lakin hansı virus olub-olmadığı və nə dərəcədə orqanizmə ziyan vurduğu müayinədən sonra bəlli olur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında həkim Sübhan Hacıyev deyib.
Həkim qeyd edib ki, bu virusların çoxu hava-damcı infeksiyası olsa da, yoluxduruculuq qabiliyyəti çox yüksəkdir.
“Nəticə etibarilə də üst tənəffüs yollarından sonra alt tənəffüs yollarına keçə bilər və ağır xəstəliklər bronxit, bronxiolit, pnevmoniya kimi ağciyərin xəstəlikləri ilə fəsadlaşa bilər. Eyni zamanda bu xəstəliklər, xroniki xəstəliyi olan ələlxüsusda, ürək-damar xəstəliyi olan xroniki böyrək çatışmazlığı, şəkərli diabet olan xəstələrdə daha ağır keçməkdədir. Əfsuslar olsun ki, pasiyentlər ilkin mərhələdə müraciət etmirlər. İlkin 5-7 günlük bir müddətdə həmin virusları izolə edib, test müayinəsi ilə dəqiqləşdirə biliriksə, bu müddəti bir çox hallarda ötürmüş oluruq. Nəticədə virusun dəqiqləşdirilməsi çətinlik törədir. Lakin günümüzdə influenza virusu, haemophilus influenzae bakteriyası, qripin A və B ştamı, eyni zamanda koronavirus aktiv şəkildə mövcuddur. Bu xəstəliklərin bir çoxunun simptomları da oxşar olduğu üçün bəzən gecikmiş dönəmlərdə biz həkimlər üçün də differensial diaqnostika etmək müşkül məsələyə çevrilir. Təbii ki, erkən dönəmlərində müraciət etmiş olsalar, çox rahatlıqla müalicə alıb, fəsadlaşmamış durumda sağala bilərlər”.
Rəfiqə NAMAZƏLİYEVA