- Müşahidə məntəqəsi
- 6 Yanvar 18:40
- 2 071
Gürcüstana qarşı təzyiq edilir ki... - AÇIQLAMA
“ABŞ Gürcüstanın hakim partiyasının qurucusu, ölkənin “faktiki rəhbəri” adlandırılan Bidzina İvanişviliyə maliyyə sanksiyası tətbiq edib. Oliqarxın ABŞ ərazisindəki mal varlığı və aktivləri dondurulub. Sanksiya qərarı İvanişvilinin Gürcüstan Konstitusiyasına və gürcü xalqının iradəsinə zidd olaraq Rusiyanın maraqlarını həyata keçirməsi ilə əsaslandırılıb. Bundan əvvəl Ukrayna və bir sıra Qərb ölkələrinin də Tbilisiyə, o cümlədən bəzi hökumət rəsmilərinə qarşı sanksiya tətbiq edəcəyi açıqlanıb”.
“Qərb Gürcüstanda seçkini uduzduqdan sonra təxribatlara rəvac verdi. Hökuməti devirmək üçün Qərbə bağlı olan və uzun illər ərzində Gürcüstanda formalaşdırılan alətlər vasitəsilə xaotik mənzərənin yaradılmasına cəhd etdi. Xüsusilə müəyyən siyasi partiyalar və qeyri-hökumət təşkilatlarına mənsub olan şəxslərin vasitəsilə. Amma bu ümumxalq mitinqinə çevrilmədi və Qərb hökumətin devrilməsinə nail olmadı. Doğrudur, bu istiqamətdə proseslər davam etsə də, etiraz aksiyaları ilə bağlı daha ciddi dalğanın gələcəyi ehtimalı o qədər də yüksək deyil”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Siyasi şərhçi qeyd edib ki, növbəti mərhələnin sanksiyalar olacağı gözlənilən idi.
“Bilirsiniz ki, Gürcüstanın Birləşmiş Ştatlara rüsumsuz ixrac etdiyi məhsullar var. Eyni zamanda Gürcüstan vətəndaşlarının Avropa İttifaqına vizasız gediş-gəliş imkanları var. Bundan sonrakı dönəmlərdə biz Gürcüstanın ixrac etdiyi məhsullara məhdudiyyətlərin tətbiq edilməsi, həmçinin Gürcüstan vətəndaşlarının Avropa İttifaqına vizasız gediş-gəliş məhdudiyyətlərini tətbiq edəcəyini gözləmək olar. Digər tərəfdən, Avropa İttifaqının Gürcüstanda maliyyələşdirdiyi layihələrlə bağlı layihələri donduracağı ehtimalı yüksəkdir. Bidzina İvanişvili daxil olmaqla bir sıra şəxslərə müəyyən mərhələlərdə sanksiyaların tətbiq edilməsi ehtimalı yüksəkdir. Bununla Gürcüstan hökumətinə təzyiq edilir ki, Qərbin maraqlarına qarşı addım atmasın. Rusiya ilə yaxınlaşma siyasətinə dəyişiklik etsin. Amma bütün bunlar onu deməyə əsas vermir ki, Gürcüstan hökuməti Birləşmiş Ştatları da daxil olmaqla Qərbin bu istiqamətdə təzyiqlərinə boyun əyəcək. Çünki geosiyasi faktorlar burada həlledici amildir. Hazırda geosiyasi böhran ciddi mərhələyə yüksəlib və dünyanın bölünməsi prosesi gedir. Çox qütblü dünya formalaşır və bu kontekstdən yanaşsaq, o zaman Gürcüstan da artıq hansı qütbdə təmsil olunacağını seçib. Gürcüstan hökuməti kifayət qədər prinsipialdır və prioritetlərindən geri çəkiləcəyini düşünmürəm”.
“Bu isə onu deməyə əsas verir ki, Qərb mərhələ-mərhələ təzyiq dalğasını genişləndirəcək. Qeyd etdiyim məsələlər üzrə sanksiyaları və məhdudiyyətlərini artırmaqla bunun səbəbkarının Gürcüstan hökuməti olduğunu təşviqini aparacaq. Beləliklə də Gürcüstan hökumətini ictimai hədəfə çevirməklə hökumətin devrilməsinə çalışacaq. Doğrudur, bu, kifayət qədər təhlükəli bir mərhələdir və Gürcüstan hökumətini bundan sonra da ciddi təzyiqlərin gözlədiyini söyləmək mümkündür. Gürcüstan Azərbaycan üçün strateji əhəmiyyət daşıyan ölkədir. Gürcüstanda sabitlik, əlbəttə, bütün bölgə üçün vacib şərtdir. Ona görə də düşünürəm ki, Gürcüstana təzyiqlərin və eyni zamanda sanksiyaların davamlı olması Gürcüstan üzərində təzyiq yaratsa belə, Gürcüstan hökuməti öz prioritetlərindən geri çəkilməyəcək”.
Rəfiqə NAMAZƏLİYEVA