- Müşahidə məntəqəsi
- 6 Yanvar 19:40
- 1 644
"" Gürcü arzusu" yıxılacaq vəziyyətdə deyil" - Zeynal Əmrəliyev
“Gürcüstanda vəziyyət yenidən gərginləşib. Belə ki, dekabrın 28-də on minlərlə Gürcüstan vətəndaşı Tbilisidə və ölkənin bir sıra şəhərlərində “Birlik zənciri” yaradıblar. Borçalıda yaşayan azərbaycanlılar da bu birlik aksiyasına qoşulublar. Şəhərin müxtəlif yerlərində canlı zəncirə siyasətçilər, eləcə də prezident Salome Zurabişvili qoşulub. Görünür, daha çox insan artıq etirazlara cəlb olunub. Bütün maneələrə baxmayaraq Mixeil Kavelaşvilinin andiçməsi baş tutub”.
“Gürcüstanda bu günə qədər bir çox aksiyalar keçirilib. Bu aksiyalarda insanların iştirak etməsinə baxmayaraq, elə bir ciddi nəticə əldə edilmədi. Çünki əhalinin böyük əksəriyyəti indiki iqtidarın tərəfindədir. Bunu keçirilən parlament seçkilərinin nəticələri də təsdiq etdi ki, “Gürcü arzusu” partiyasının nüfuzu ölkədə müxalifətin nüfuzuna nisbətən güclüdür. Düzdür, “Gürcü arzusu”nun reytinqində düşüş var. Biz bunu parlament seçkiləri ərəfəsində də gördük”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Siyasi şərhçi qeyd edib ki, bütün bunlara baxmayaraq “Gürcü arzusu” hökuməti yıxılacaq vəziyyətdə deyil.
“Onu hansısa aksiyalarla yıxmaq mümkünsüzdür. “Birlik zənciri” adlanan aksiyaların keçirilməsi və bu aksiyalarda keçmiş prezident Salome Zurabişvili iştirak etməsi faktı onu göstərir ki, Gürcüstan prezidenti müxalifət liderliyinə tamam iddialıdır. Ancaq bu, onun gələcəkdə nəinki siyasi fəaliyyətinə ciddi şəkildə maneələr edə, hətta azadlıqdan məhrum edilməsi məsələsini də gündəmə gətirə bilər. Çünki Gürcüstan iqtidarında təmsil olunan bir çox şəxslər prezident Zurabaşvilini bir neçə cinayətdə konkret olaraq dövlətə xəyanət maddəsində ittiham ediblər. Bunu məhkəməyə gətirə, onun azadlıqdan məhrum edilməsinə şərait yarada bilərlər. Gürcüstan tarixində biz Zurabişvilidən qat-qat nüfuzlu siyasətçi olan keçmiş prezident Mixail Saakaşvilinin həbs edilməsinin şahidi olmuşuq. Bu proses eynilə Zurabişviliyə qarşıda həyata keçirilə bilər. Zurabişvili üçün ən optimal variant düşünürəm ki, Gürcüstanı tərk edərək uzun müddətli xidmətində olduğu Fransaya getməkdir. Eyni zamanda bu aksiyaların indiki məqamda hansısa bir xeyrinin olacağını düşünmürəm”.
Rəfiqə NAMAZƏLİYEVA