"İran Qərbin tapşırıqlarını yerinə yetirib" - AÇIQLAMA

“İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün Tehran nümayəndələrinin tezliklə Türkiyəyə səfər edəcəyini açıqlayıb. Bəqayi bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında spesifik tarixə malik texniki məsələdir. Son vaxtlar Türkiyə rəsmilərinin dəhlizlə bağlı aktiv çıxışları, həmçinin İran XİN rəsmisinin açıqlaması Suriyadakı yeni vəziyyət fonunda diqqət çəkir”.

“İranın Zəngəzur dəhlizi ilə bağlı Türkiyə ilə müzakirə aparmaq niyyəti əslində müsbət dəyərləndirilməlidir. Belə ki, son dörd ildən artıq bir müddətdə İran Zəngəzur dəhlizi ilə bağlı hər zaman birmənalı və mənfi rəy sərgiləyib. Bunu İranın guya ərazi bütövlüyü ilə bağlı qırmızı cizgisi hesab edib, Ermənistanla İran arasında min illik tarixi əlaqələrin pozulması kimi dəyərləndirib ki, bunlar hamısı boş, içi dolu olmayan və heç bir tarixi həqiqətə söykənməyən fikirlərdir. Sadəcə olaraq İran bunu bir neçə məqsədlə etməyə çalışırdı. Birincisi, Zəngəzur dəhlizinin açılmasını əngəlləməklə bu paralel yolunun öz ərazisindən çəkilməsini və buradakı həm siyasi, həm iqtisadi dividendlərin İrana qalmasını istəyirdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, digər tərəfdən İran nə qədər üzdə Amerika, Qərblə ziddiyyətdə olsa da, daha çox Qərbin tapşırıqlarını yerinə yetirərək bu məsələ ilə bağlı aktivlik nümayiş etdirib.

“Türkiyənin bu məsələ ilə bağlı mövqeyi bəllidir. Bundan başqa, üçtərəfli bəyanatda konkret bu məsələ ilə bağlı öhdəliklər var. Ermənistan bu öhdəliyi yerinə yetirməlidir və Azərbaycan da, İranın da maraqlarını və həssaslığını nəzərə alaraq Zəngəzur dəhlizinə paralel İrandan Arazboyu yolun çəkilməsi ilə bağlı məsələni İranla razılaşdırdı. Artıq bununla bağlı işlər davam etməkdədir. Ümid edirik ki, hansısa bir fors-major hadisələr olmasa, bu yol ən uyğun zamanda istifadəyə veriləcək. Təbii ki, Türkiyə tərəfi də İranla bu məsələləri müzakirə etməyə hazırdır. Çünki İran Zəngəzur yolunun bağlı qalmasını və öz ərazisinə keçməsini təmin etməklə, həm də Türkiyəyə qarşı siyasi təzyiq elementi əldə etməyə çalışır. Düşünürəm ki, sonunda İran əslində Azərbaycan və Türkiyə ilə münasibətləri nəhayət normallaşdırmalıdır. Bu olmayacaqsa, İran ənənəvi olaraq türk düşmənçiliyini davam etdirəcəksə və siyasətini Azərbaycanla Türkiyənin əleyhinə quracaqsa bu o demək olacaq ki, İran konstruktiv şəkildə bölgədə münasibətlərin və qonşuluq münasibətlərinin normallaşmasında maraqlı deyil. Hesab edirəm, ən az Suriyada baş verən hadisələrdən sonra tərəflər bütün məsələləri daha aydın, açıq şəkildə və tərəflərin maraqlarına uyğun şəkildə həll olunması üzrə müzakirə apara bilərlər”.

Rəfiqə NAMAZƏLİYEVA