Aİ bu məsələlərdə Bakının ədalətli mövqeyini müdafiə etməlidir - Millət vəkili

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. A.Koşta təyyarə qəzası ilə bağlı dövlət başçısı və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının (Aİ) bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib. Telefon söhbəti zamanı Azərbaycanla Aİ arasında bir sıra layihələr, ittifaqa üzv ölkələrə qaz ixracı, enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirə aparılıb”.

“Brüssel-Bakı münasibətlərində yaranan soyuqluğun əsas səbəbləri Avropa İttifaqının bir sıra rəsmilərinin, o cümlədən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq Ali nümayəndəsi Cozef Borelin sərgilədikləri qərəzli, ədalətsiz və açıq şantaj xarakterli davranışlar, həmçinin sözügedən təsisatın, hazırda qondarma adlandıra biləcəyimiz “müşahisə missiyası” ilə əlaqədar götürülən öhdəliklərin, verilən vədlərin yerinə yetirilməməsi, Avropa Parlamenti çərçivəsində ölkəmizə qarşı qəbul edilən böhran xarakterli “kağız parçaları” və Ermənistanın silahlandırılması istiqamətində atılan addımlarla bağlıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

Millət vəkili qeyd edib ki, məlum olduğu kimi, ölkəmiz Avropa İttifaqının enerji təhlükəziliyinin təmin edilməsində mühüm, bəlkə də həyati rola sahib olun dövlət kimi, üzərinə götürdüyü bütün öhdəlikləri, bütün maneə və çətinliklərə baxmayaraq, ən yüksək səviyyədə və vaxtında yerinə yetirib.

“Digər tərəfdən, ittifaqla münasibətlərini bərabərhüquqlu, qarşılıqlı faydalılıq prinsipi əsasında qurub. Lakin Azərbaycanın, öz ərazi bütövlüyünü, suverenıiyini beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin konstitusiyamızın tələblərinə uyğun təmin etdikdən sonra, Aİ-nin bəzi təsisat və təmsilçilərinin davranışları, qarşılıqlı münasibətlərə və etimada ciddi zərbə vurub. Hazırda Avropa İttifaqının üst qurumlarının rəhbərliyində bəzi dəyişikliklər baş verib və bu vəziyyət münasibətlərin bərpası üçün yeni pəncərənin açılmasına öz töhfəsini verə bilər. Şübhəsiz ki, hər şey Aİ rəsmilərinin buna nə qədər səy göstərəcəklərindən asılıdır. Zənnimcə, Aİ, təkcə təyyarə qəzasının hərtərəfli araşdırılmasında deyil, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında da Bakının ədalətli mövqeyini müdafiə etməlidir. Çünki hər iki fakta Azərbaycanın yanaşması beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Hüquq pozuntuları ilə bağlı faktlara siyasi maraqlar çərçivəsindən yanaşılması isə bir qayda olaraq, ikili standartlara və etimadsız mühitin formalaşmasına zəmin yaradır”.

Rəfiqə NAMAZƏLİYEVA