Politoloq: "Ermənistan Qərbə heç nə verə bilməz"

“Ermənistan avrointeqrasiya kursunu rəsmən elan etsə də, onun Rusiyadan qopması, əlaqələri tamamilə kəsməsi və birmənalı Avropaya inteqrasiya etməsi, həmçinin Avropada qəbul edilməsi o qədər real görünmür. Birincisi, Ermənistan Rusiyadan iqtisadi, hərbi və siyasi baxımdan çox asılıdır. Ən önəmlisi də bu gün Rusiyanın Ermənistana qarşı ciddi iqtisadi təzyiq rıçaqları mövcuddur. Sadə bir misal kimi qeyd edək ki, bir müddət öncə Yuxarı Lars keçid məntəqəsindən Ermənistana məxsus tırların keçidi dayandırılmışdı və bu Ermənistan üçün bir neçə milyonluq iqtisadi zərərə gətirib çıxartdı. Bu, tamamilə dayansa, Ermənistanda iqtisadiyyat çökə bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloq qeyd edib ki, bundan başqa Rusiyada çalışan minlərlə Ermənistan vətəndaşı var və bu şəxslərin ölkədən deportasiya edilməsi yenə də Ermənistanda ciddi işsizlik və iqtisadi problemlərə gətirib çıxara bilər.

“Ermənistan ən çox silahı Rusiyadan alır. Rusiya bu silahların bir çoxusunu təmənnasız, hətta pulsuz verir. Yəni Ermənistanın bu tezlikdə Qərbə inteqrasiyası elə də real deyil. Məsələyə Qərb tərəfindən də baxaq. Ermənistanın Qərbə inteqrasiyası Qərbə lazımdırmı? İlk olaraq, Ermənistan Azərbaycanla müharibə şəraitindədir və müharibə şəraitində olan bir ölkənin Avropaya inteqrasiyası, Avropa İttifaqına, NATO-ya üzvlük məsələsi müzakirə belə edilə bilməz. Çünki ilk tələb olunan göstərici sabitlik və münaqişənin olmamasıdır ki, Ermənistan bu kriteriyaların ən sadələrinə belə uymur. Digər tərəfdən, Ermənistan Avropaya nə verə bilər? Avropaya bu gün daha çox iqtisadiyyatı, hərbi potensialı güclü olan ölkələr lazımdır. Misal üçün, NATO-ya yeni üzv olan Finlandiya və İsveçin həm iqtisadi, həm də hərbi potensialı var. Ermənistan Qərbə heç nə verə bilməz. Əslində isə Ermənistan sadəcə Qərbin imtiyazlarından, iqtisadi gücündən yararlanmaq istəyir. Bu baxımdan da düşünmürəm ki, bu tezlikdə Ermənistanın Qərbə inteqrasiya prosesi uğurla yekunlaşsın”.

Rəfiqə NAMAZƏLİYEVA