Azərbaycan Ermənistanla danışıqların ikili formatda aparılmasının tərəfidarıdır - Oqtay Qasımov

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsinin Bakıda səsləndirdiyi fikirlər təbii ki, maraqla qarşılanıb. Belə ki, o qeyd etdi ki, Avropa İttifaqı Azərbaycan- Ermənistan normallaşma prosesinə öz dəstəyini verə bilər və bunda maraqlıdır. Təbii ki, Avropa İttifaqı 2021-ci ildən 2023-cü ilin sonlarına qədər Azərbaycan- Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verib. Azərbaycan bunu dəyərləndirir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, Avropa İttifaqının 2023-cü ilin oktyabr ayından başlayaraq daha çox Fransanın təsiri altında birtərəfli mövqe tutması gətirib ona çıxardı ki, Avropa İttifaqı Azərbaycan- Ermənistan normallaşma prosesindən vasitəçi olaraq kənarlaşdırıldı.

“Necə ki, Amerika Birləşmiş Ştatları da birtərəfli mövqe tutduğuna görə bu prosesdən kənarlaşdırıldı. Bu vasitəçilərsiz danışıqlar daha effektiv və daha məhsuldar olduğuna görə Azərbaycan məhz 2023-cü ilin noyabrından bu variantı təklif etdi və Ermənistan da yarıxoş olsa da, bu prosesdə iştirak etməyə başladı ki, məhz bu formatda biz müəyyən nəticələr əldə etdik. 2023-cü ilin 7 dekabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə bəyanatı əsirlərin dəyişdirilməsi, COP29-la bağlı Ermənistanın mövqeyi, bunun ardınca sərhədlərin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi ilə bağlı 19 aprel 2024-cü il birgə bəyanatı məhz ikitərəfli formatda danışıqların nəticəsi qiymətləndirilməlidir. Təbii ki, Avropa İttifaqından səslənən bu fikirlər həm vasitəçi olaraq prosesdə iştirak etmək və Avropa İttifaqının neytral olduğunu göstərməyə çalışmaqla bərabər, Avropa İttifaqının bu prosesdə iştirak etməklə Cənubi Qafqazdakı proseslərdə həm də aktiv iştirakına nail olmağa çalışırlar. Azərbaycan isə o mövqedədir ki, regiondakı problemlərin həlli məhz region ölkələrinin vasitəsilə aparılmalıdır. Prosesdə kənar qüvvələr iştirak etməməlidir. Bu baxımdan Avropa İttifaqının nümayəndəsinin bu bəyanatı Avropanın maraqlarını ifadə etsə də, biz diplomatik açıqlama kimi də bu cür qəbul etməli və prinsipial olaraq öz mövqeyimizi dəyişməməliyik. Azərbaycan Ermənistanla danışıqların ikili formatda aparılmasının tərəfidarıdır”.

Rəfiqə NAMAZƏLİYEVA