Tramp Kanada üzərindən NATO-ya təzyiq göstərmək niyyətindədir - Elçin Xalidbəyli

“Hazırda dünyanın düzəni dəyişir. Yaxın Şərqdə baş verənlər, eyni zamanda Rusiya-Ukrayna müharibəsi dünyanın geopolitik mənzərəsinin dəyişdiyini deyir. Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra bu istiqamətlərdə dəyişikliklərin olacağı ehtimalları artır. Beynəlxalq ekspertlər hesab edir ki, Trampın gəlişiylə vəziyyət daha da gərginləşəcək. Hər kəs Trampın müharibə fikrində olmadığını, ancaq iqtisadi maraqlar üçün addımlar atacağını desə də, onun məqsədi 43 milyonluq Kanadanı ABŞ-ın 51-ci ştatı etmək, Panama kanalını və Qrelandiyanı ələ keçirməkdir”.

“Trampın prezident kimi öz səlahiyyətlərinin icrasına başlamasından sonra dünyada qlobal gərginliyin daha da artma ehtimalı tamamilə inandırıcı görünür. Çünki prezident Trampın gündəmə gətirdiyi strateji hədəflər bir çox istiqamətlərdə ABŞ üçün qarşıdurma təhlükəsi yaradır. Kanadanın 51-ci ABŞ ştatına çevrilməsi ilə bağlı iddia onu göstərir ki, Tramp administrasiyası Kanada üzərindən NATO-ya təzyiq göstərmək niyyətindədir. Kanada NATO-nun üzvüdür və NATO üzvü olan ölkənin suverenliyinə, müstəqilliyinə hər hansı təhlükə yaranırsa, hətta təhlükəni yaradan NATO üzvü olsa belə, bu hərbi siyasi alyans təhlükə qarşısında olan ölkəyə dəstək olmaq öhdəliyinə malikdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan Kanada ilə bağlı proseslər ABŞ- NATO münasibətlərini gərginləşdirə bilər.

“Eyni zamanda Qrenlandiya ilə bağlı məsələ də eyni təhlükəni yaradır. Qrenlandiya Danimarka krallığının tərkibinə daxildir. Danimarka isə Avropa Birliyinin üzvüdür. Bu o deməkdir ki, Tramp administrasiyası Avropa Birliyini də hədəf almaq niyyətindədir. Çünki bu quruma üzv olan bir ölkənin ərazisinə yönəlik iddialar Avropa Birliyi tərəfindən istər-istəməz sərt reaksiya ilə qarşılanacaq. Hətta Fransanın xarici işlər naziri bu məsələ ilə bağlı Avropanın sərhədlərinin təcavüzə məruz qalmasına imkan verməyəcəklərini bəyan ediblər. Eyni zamanda Panama kanalının ələ keçirilməsi ilə bağlı məsələ də dünyada ciddi qarşıdurmalar yarada bilər. Panama kanalı hazırda müəyyən iqtisadi-ticari əhəmiyyətə malik olan bir kanaldır. Bu yalnız ABŞ və Panama arasında deyil, həmçinin dünyanın həmin regionda, bölgədə maraqları olan digər ölkələri ilə də ABŞ-ın münasibətlərində problem yarada bilər. Bütün bunları nəzərə alanda hesab etmək olar ki, Tramp administrasiyasının qarşısına qoyduğu hədəflərin sırasında Avropa Birliyi və NATO ilə qarşıdurma cəhdləri mövcuddur. Bu qarşıdurmada ABŞ, Avropa Birliyi və NATO ilə şərik olmadan təkbaşına dünya hegemonluğuna can atdığını büruzə vermiş olur. Belə bir rəqabətdən öncə də Tramp administrasiyası böyük ehtimalla Ukrayna savaşını dayandırmaqla Rusiya ilə qarşıdurmanın yükündən xilas olmağa cəhd göstərəcək və bu istiqamətdə də daha çox hansı mövqedən çıxış edəcəyi yəqin ki, Tramp- Putin görüşündən sonra aydınlaşmağa başlayacaq”.

Rəfiqə NAMAZƏLİYEVA