- Müşahidə məntəqəsi
- 12:19
- 1 668
Bu şəxslərin cəzalandırılması məsələsində də Azərbaycanın mövqeyi birmənalı və qətiyyətlidir - Millət vəkili
“Ötən il dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə raketi ilə vurulması nəticəsində Qazaxıstanda qəzaya uğramasından sonra Bakı və Moskva arasında yaranan gərginlik davam edir. Xüsusilə Moskvanın məsələyə yanaşması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır. Kremlin hadisə ilə bağlı açıqlamaları məsuliyyətdən yayınma cəhdləri kimi qiymətləndirilir. Ekspertlər iddia edir ki, Rusiya mövcud gərgin situasiya fonunda hətta Xankəndidə konsulluq açmaq istəyini yenidən gündəmə gətirə bilər”.
“Azərbaycan aviaşirkəti AZAL-a məxsus təyyarənin yerdən hücuma məruz qalması və bunun Rusiya Federasiyası ərazisində baş verməsi artıq aydın bir həqiqətdir. Hazırda bu hadisənin necə baş verməsi və bu hadisə ilə bağlı kimlərin məsuliyyət daşıması, həmin şəxslərin cəzalandırılması məsələsində də Azərbaycanın mövqeyi birmənalı və qətiyyətlidir. Azərbaycan prezidenti artıq bunu bəyan edib və hər hansı yeni bir məlumat olarsa, şəffaf şəkildə ictimaiyyətin də məlumatlandırılacağını ifadə edibdir. Ancaq təəssüf ki, Rusiya tərəfində yenə də bu hadisə ətrafında bir informasiya dolaşıqlığı yaratmaq cəhdləri var”.
Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, biz gördük ki, ilkin nəticələr rəsmi şəkildə açıqlanmadan Rusiya rəsmiləri informasiya məkanına lazım olmayan, dəqiqləşdirilməmiş məlumatlar ötürürdülər.
“Bu, xoş bir hadisə deyil. Amma əlbəttə, şübhə yoxdur ki, Azərbaycan həqiqətin ortaya çıxmasına nail olacaqdır. Ona görə də bu cür informasiyaları, bir də Rusiya- Azərbaycan münasibətləri kontekstində istismar etməyə çalışan qüvvələr də var. Ona görə də hər hansı bir informasiya yayılan kimi dərhal onun ətrafında ajiotaj yaratmaq cəhdlərini biz görürük. Ancaq diplomatiya heç də həmişə haqqı və ədaləti, obyektivliyi ifadə etmək deyil. Diplomatiya həm də bu mövqeyin haqlı və ədalətli olduğunu qarşıdakına qəbul etdirməkdir. Bu mənada düşünürəm ki, Azərbaycan diplomatiyası bunu bacaracaqdır və hadisədə məsuliyyəti olanın məsuliyyətdən yayınmasına imkan verməyəcəkdir. Lakin mümkün qədər şübhəsiz ki, bu hadisənin də, Rusiya- Azərbaycan münasibətlərinin də zərər çəkməməsi üçün bütün diplomatik və siyasi zərurətlər mütləq ortaya qoyulacaq. Məhz bu kontekstdə Azərbaycana təzyiq üçün Rusiyanın hər hansı bir addım atmasına, hətta Xankəndində yenidən konsulluq açmaq ideyasını gündəmə gətirə biləcəyi məsələsinə gəldikdə isə, düşünürəm ki, nəinki hazırda, hətta bundan sonra heç vaxt bu məsələ hər hansı bir hadisə ilə əlaqələndirilə bilməz. Ümumiyyətlə, Rusiyanın Xankəndində konsulluq açmaq mövzusu artıq tarixin arxivinə göndərilmiş mövzudur. Şübhəsiz ki, Rusiya- Azərbaycan münasibətləri inkişaf edə bilər. Azərbaycanın hansısa şəhərində, tutaq ki, Gəncədə və yaxud başqa bir şəhərimizdə zərurət yaranarsa, konsulluğun açılması məsələsi də müzakirə oluna bilər. Ancaq siyasi yükünü və tarixi mövqeyini nəzərə alaraq, hesab edirəm ki, bu məsələ əsla və əsla Azərbaycanın siyasi gündəmində olmayacaq”.
Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az