- Müşahidə məntəqəsi
- 30 Yanvar 17:39
- 1 497
"Cinayətə qarşı fərdlər, ailələr və cəmiyyət birlikdə mübarizə aparmalıdır” - Psixoloq
Xaçmazda oğlan elçi getdiyi qızı və onun anasını qəsdən avtomobillə vurub. İddialara görə, o, qız evindən “yox” cavabı aldığı üçün bu hadisəni törədib. Ümumilikdə son zamanlar dəhşətli məişət cinayətlərinin sayının artması diqqət çəkir. Biri həyat yoldaşını qətlə yetirir, digəri şiddət göstərir və s.
Cinayətlərin artmasına səbəb nədir?
“Zorakılığa meyilli fərdlərin psixoloji yardıma yönləndirilməsi, psixi sağlamlıq problemlərinin erkən aşkarlanması və müalicə edilməsi lazımdır. Dünya sürətlə dəyişir və bu dəyişikliklər fərdlərin psixologiyasına təsir edir. Patriarxal dəyərlərlə yetişən və ailədə dominantlığı normativ hesab edən insanlar, xüsusilə kişilər, münasibətlərdə və ailədaxili qərarlarda üstünlük mövqelərini itirdikdə psixoloji gərginlik yaşayırlar”.
Bu fikirləri AzNews.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib.
Psixoloq qeyd edib ki, qadınların iqtisadi və sosial baxımdan daha müstəqil olması, evlilikdə və münasibətlərdə artıq “mütləq itaət” modelinin işləməməsi bəzi kişilərdə özünü sübut etmək üçün aqressiya doğurur.
“Müasir dövrdə media və sosial şəbəkələr insan psixologiyasına ciddi təsir göstərir. Seriallar, filmlər və sosial media fenomenləri bəzən zorakılığı normallaşdırır və aqressiv davranışları “sevginin sübutu” kimi təqdim edir. Gənclər arasında münasibətlərdə qısqanclıq və dominantlıq “sevgi” əlaməti kimi başa düşülür ki, bu da təhlükəli psixoloji tendensiyalara yol açır. Ailə daxili problemlərin dinc yolla həll edilməsi, emosional intellektin inkişaf etdirilməsi, duyğuların düzgün ifadə edilməsi məsələlərində ciddi boşluqlar var. Bir çox insanlar konfliktlərin həllini yalnız fiziki güc və zorakılıq yolu ilə görür. Bunun səbəbi erkən yaşlardan öyrədilən münasibət və davranış modelləridir. Ailələrdə uşaqlara sağlam ünsiyyət vərdişlərinin aşılanmaması, zorakılığı təbii və məqbul bir davranış kimi görmək kimi problemlər gələcəkdə məişət cinayətlərinin əsasını qoyur. Məktəblərdə və ailələrdə emosional intellektin, duyğuların düzgün ifadə edilməsinin və konfliktlərin sivil yollarla həll olunmasının öyrədilməsi vacibdir. Psixoloji maarifləndirmə, hüquqi mexanizmlərin gücləndirilməsi və sağlam sosial münasibətlərin təşviqi bu cür cinayətlərin azalmasına səbəb ola bilər. Cinayətə qarşı fərdlər, ailələr və cəmiyyət birlikdə mübarizə aparmalıdır ".
Rəfiqə NAMAZƏLİYEVA