"AŞPA üzərinə düşən vəzifələri yerinə yetirməyib" - deputat

“Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasının deputatı Arusyak Culhakyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilməsi müzakirələrə səbəb oldu. Culhakyan bu barədə öz sosial şəbəkə hesabındakı paylaşımda məlumat verib. O, namizədliyinin irəli sürülməsi və dəstəklənməsinə görə Ermənistan nümayəndəliyinə təşəkkürünü bildirib. Ekspertlərin fikrincə, bu addım Azərbaycan və AŞPA arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsi ilə nəticələnəcək”.

“Avropa Şurasının Parlament Assambleyası üzərinə düşən vəzifəni yerinə yetirməkdə çətinlik çəkir. Sual olunur, niyə? Çünki, bu qurumun mahiyyətində Avropanın bəlli dairələrinin tapşırıqlarını yerinə yetirmək kimi səhv siyasəti, “qaydasız oyun” üsulu var. Üzv ölkələrin rastlaşdıqları ədalətsiz hücumlara qarşı adekvat deyil. Bu da haqlı narazılıqlara səbəb olur. Azərbaycanın üzv olduğu 2001-ci ildən bu günə qədər AŞPA-da gedən proseslər bunu deməyə əsas verir ki, bu qurum üzərinə düşən vəzifəni yerinə yetirməyib, etimadı doğrultmayıb”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına, 1 milyondan artıq azərbaycanlının öz yurdlarından qovulmasına, öldürülməsinə, əsir və girov götürülməsinə, hüquqlarının kobud şəkildə pozulmasına qarşı nəinki bir qətnamə, hətta adi etiraz belə etməyib.

“Əvəzində münaqişənin 30-cu ilində ermənilərin Qarabağdan öz arzu və istəkləri ilə köçmələrinə sərt reaksiya verərək, bunda Azərbaycanı günahkar biliblər, hətta ölkəmizi etnik təmizləmədə ittiham edib. Ermənistanın hakim partiya təmsilçisinin AŞPA-nın vitse-prezidenti seçilməsi qurumun bütün prinsiplərinə ziddir. Çünki Ermənistan hələ də işğalçı ölkə statusundan qurtula bilməyib. 2020-ci ildə baş verən 44 günlük müharibə bu ölkənin haqsız olduğunu üzə çıxarsa da, bəşəri cinayətlərə imza atdığını sübuta yetirsə də Avropa institutları hələ də İrəvana qarşı hər hansı tədbir görmək niyyətində deyil. İşğalçı bir ölkənin deputatı AŞPA-nın vitse-prezidenti kimi hansı uğura imza ata, kimə hansı yolu göstərə, üzv ölkələr arasında münasibətləri necə sağlamlaşdıra bilər? Arusyak Culhakyanın üzv olduğu hakim “Mülki müqavilə” partiyasının təmsilçiləri 44 günlük müharibənin başlamasında tətikçi rolunu oynayıblar, işğal altındakı ərazilərimizdən təmas xəttindəki kəndlərimizə atdıqları top və raket mərmilərindən dinc sakinlər zərər çəkib. Erməni cinayətkarın AŞPA-da vəzifəyə gətirilməsi ilə Azərbaycana hansı ismarıc verilir? Bildiyimiz kimi, ötən ilin yanvar ayında “insan haqlarının pozulması” bəhanəsi ilə qurum Azərbaycan təmsilçilərinin mandatını bir illiyinə dondurub. Əlbəttə, məqsəd başqadır, Azərbaycanın AŞPA-nın haqsız tələblərinə boyun əyməsi, qurumun ermənipərəst üzvlərinin istəklərini həyata keçirməkdir”.

Deputat sonda vurğulayıb ki, belə bir məqamda Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakını bərpa etməsi ehtimalı yoxdur.

“Əslində AŞPA-da hakimlik edən bəzi dövlətlərin erməni deputatı başa çıxarmaqda məqsədi və istəyi də budur ki, Azərbaycan qurumda fəaliyyətini davam etdirə bilməsin. Bizə lazım olmayan, haqlı tələblərimizi görməzdən gələn, işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymayan və əksər hallarda işğala haqq qazandıran, ikili standartlar tətbiq edən bir qurumda təmsil olunmaq Azərbaycana lazım deyil”.

Rəfiqə NAMAZƏLİYEVA