"Bu proses Cənubi Qafqaz çərçivəsində həll edilə bilər" - Zeynal Əmrəliyev

“Azərbaycan və Ermənistan arasında sülh məsələsinin həll edilməsi üçün ümumiyyətlə vasitəçiliyə ehtiyac yoxdur. Postmüharibə dövründən əvvəl uzun müddət ərzində ATƏT-in Minsk qrupu çərçivəsində üç dövlət – Rusiya, Fransa və ABŞ vasitəçi qismində çıxış etsə də, heç bir nəticəyə nail olmadılar. Daha sonra Azərbaycan öz torpaqlarını özü azad etdi. İndi isə Rusiya yenidən vasitəçiliyini təklif edir. Halbuki, Rusiya bundan əvvəl də vasitəçilik edib və 30 il ərzində ATƏT-in Minsk qrupunun tərkibində bu prosesdə iştirak edib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın həmin dövrdə heç bir uğura imza atmadığı halda, indiki dövrdə yenidən vasitəçilik etmək istəməsi tamamilə absurddur və qeyri-mümkündür.

“Gürcüstan isə sadəcə ev sahibi qismində iştirak edə bilər. Tiflis iki ölkə arasında danışıqlar üçün əlverişli bir vasitədir və razılaşmanın burada imzalanması daha məqsədəuyğundur. Ümumilikdə, proses Cənubi Qafqaz çərçivəsində həll edilə bilər. Lakin Gürcüstanın bu məsələdə vasitəçilik edəcək siyasi gücü yoxdur. Əslində, vasitəçiliyə ümumiyyətlə ehtiyac yoxdur. Azərbaycanın Ermənistan qarşısında haqlı tələbləri var və Ermənistan həmin tələbləri qəbul edib icra etdikdən sonra iki ölkə arasında münasibətlər normallaşacaq, sülh müqaviləsi imzalanacaq. Prosesin çox böyük bir hissəsi artıq həyata keçirilib və tərəflər buna vasitəçi olmadan nail olublar. Məsələn, delimitasiya və demarkasiya prosesi hazırda vasitəçisiz həll edilir. Həmçinin, bir zamanlar əsirlərin mübadiləsi də iki tərəf arasında birbaşa dialoq yolu ilə həyata keçirilmişdi. İndiki şəraitdə birbaşa dialoq mümkün olduğu üçün vasitəçiyə ehtiyac olduğunu düşünmürəm. Bundan əlavə, vasitəçilər öz maraqlarını tərəflərə diktə etməyə çalışacaqlar ki, bu da müsbət nəticələr vəd etmir. Buna görə də nə Gürcüstanın, nə Rusiyanın, nə də başqa bir ölkənin vasitəçiliyi lazımdır. Ancaq Tiflis müəyyən məsələlərdə, məsələn, sülh müqaviləsinin imzalanması və digər proseslərdə ev sahibliyi edə bilər ki, bu da məqbuldur”.

Rəfiqə NAMAZƏLİYEVA