- Müşahidə məntəqəsi
- 31 Yanvar 21:11
- 959
"Aİ-nin aparıcı ölkələri Trampla anlaşmaqda çətinlik çəkə bilərlər" - Əli Zülfüqaroğlu
“ABŞ Prezidenti Donald Trampın üç ərazi ilə bağlı iddiaları ətrafında müzakirə və narazılıq artır. Kanada və Qrenlandiyada rəhbərlərindən sonra Panama Prezidenti Xose Raul Mulino Trampın açıqlamalarına münasibət bildirib. O, Panama kanalının ABŞ-ın mülkiyyətinə verilməsinin mümkün olmadığını deyib”.
“Tramp hakimiyyətə gəldikdən sonra verdiyi açıqlamalarla diqqət mərkəzinə düşdü. Xüsusilə Qrenlandiya, Kanada və Panama ilə bağlı səsləndirdiyi fikirlər dünyada rezonans doğurdu və müzakirə predmetinə çevrildi. Bu mövzular hələ də müzakirə olunmaqdadır. Qrenlandiya məsələsində Danimarkanın mövqeyi loyal oldu. Lakin Kanada Britaniya kral ailəsinin mülkiyyəti sayıldığı üçün bu istiqamətdə ABŞ-nin siyasəti Böyük Britaniya ilə Vaşinqton arasında problemlərə səbəb ola bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Siyasi şərhçi qeyd edib ki, Trampın bu açıqlamaları ABŞ daxilində də ona qarşı təzyiqlərin artmasına gətirib çıxara bilər.
“Kanadanın rəhbərliyi Bayden administrasiyası ilə yaxın münasibətlərdə olub və Tramp əslində bu açıqlamaları ilə Kanada hökumətinə təzyiqlərini artırır. Bu istiqamətdə fəaliyyətin davam edəcəyi gözlənilir. Yəni Tramp müəyyənləşdirdiyi siyasətə Kanada və digər oxşar hökumətlərin dəstək verməsini təmin etməyə çalışacaq. Bununla yanaşı, yalnız bu ölkələrlə deyil, Avropa İttifaqı, xüsusilə Fransa və Almaniya hökuməti ilə bağlı da oxşar təzyiqlərin davam edəcəyini düşünürəm. Çünki Baydenin yürütdüyü siyasəti dəstəkləyən Avropa İttifaqının aparıcı ölkələri Trampla anlaşmaqda çətinlik çəkə bilərlər. Eyni zamanda, Panama ilə bağlı verilən açıqlamalar Panama rəhbərliyi tərəfindən etirazla qarşılandı. Burada ABŞ-nin geoiqtisadi maraqlarının ön plana çıxdığını müşahidə edirik. Lakin bu vəziyyətin müharibəyə səbəb olacağını və Amerika qitəsinin münaqişə zonasına çevriləcəyini düşünmürəm. Çünki hazırda ABŞ-nin yeni müharibələrə girişməsi onun geosiyasi mövqelərinə ciddi zərbə vura bilər. Ölkə daxilində iqtisadi problemlər ən yüksək səviyyəyə çatıb, dolların inflyasiyası sürətlə artır və sosial narazılıq yüksəkdir. Buna görə də Tramp hakimiyyətə gəldikdən sonra seçki ərəfəsində verdiyi vədlərə əməl etməyə məcburdur. Yeni müharibələr yaratmaq əvəzinə, istər Yaxın Şərqdə, istərsə də Ukrayna müharibəsində verdiyi dəstəyi azaltmaq və ölkəni bu münaqişələrdən kənar saxlamaq siyasəti yürüdəcək. Əks halda, ABŞ daxilində Tramp administrasiyasına qarşı etirazlar güclənə, respublikaçılara qarşı etimad azala bilər”.
“Trampın əsas prioriteti ölkədə iqtisadi vəziyyəti düzəltmək olacaq. Bu da onu deməyə əsas verir ki, yeni müharibələr ABŞ-nin maraqlarına qətiyyən uyğun deyil. Trampın verdiyi vədlərə əməl etməməsi görüntüsü yarandığı halda, ABŞ daxilində Tramp hökumətinə qarşı aparılan təbliğat daha da güclənəcək. Bu səbəbdən, Tramp geoiqtisadi layihələrin reallaşdırılmasını prioritet seçəcək. İlk növbədə iqtisadi maraqlar, ABŞ-da rifah halının yüksəldilməsi və bununla da respublikaçıların hakimiyyətdə möhkəmlənməsi əsas hədəflər olacaq. Tramp qarşısında ciddi maneələr dayanır. Hazırda ABŞ-da bəzi ştatlar müstəqillik elan etmək istiqamətində bəyanatlar səsləndirir ki, bu da müəyyən ilkin siqnallar kimi dəyərləndirilə bilər. Gələcək dövrdə ABŞ daxilində ciddi qarşıdurmaların şahidi ola bilərik və bu proses dünyanın müxtəlif ölkələrində də əks-səda doğuracaq. Ancaq qeyd etdiyim kimi, Tramp maksimum dərəcədə çalışacaq ki, ABŞ birbaşa müharibələrdə iştirak etməsin və digər müharibələrə verdiyi dəstək azalsın. Beləliklə, ABŞ-nin dünyada iqtisadi gücü daha da artsın”.
Rəfiqə NAMAZƏLİYEVA