"Qeyri-dost dövlətlərin sülhə töhvə verəcəyi real görünmür" - Aytən Qurbanova

“Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə brifinqdə bildirib ki, Ermənistan Azərbaycanla sülh gündəliyini həyata keçirməyə çalışır. İ.Kobaxidze öz növbəsində Gürcüstanın Azərbaycan-Ermənistan nizamlanmasında vasitəçilik səylərinə hazır olduğunu diqqətə çatdırıb. Bundan öncə də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da bənzər açıqlama ilə çıxış etmiş, delimitasiya və demorkasiya prosesində vasitəçiliyə hazırıq demişdi”.

“Azərbaycanın sülh danışıqları ilə bağlı konkret mövqeyi var. Dövlət başçımızın təklif etdiyi ikitərəfli format bizim üçün sülh danışıqlarının əsasını təşkil edir. Bugünə qədər vasitəçilərin təşəbbüsü ilə keçirilmiş görüşlər sülh danışıqlarına töhfə verməkdən daha çox üçüncü və ya dördüncü tərəflərin maraqlarını gündəmə gətirmiş oldu. İstər Moskva, istər Vaşinqton, istərsə də Brüssel formatı buna bariz nümunədir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Politoloq qeyd edib ki, bizə dost və tərəfdaş olan dövlətlərin təşkilatçılığı istisna olmaqla, hər hansı bir dövlətin vasitəçiliyinin sülhə töhfə verə biləcəyi çox da real görünmür.

“Həmçinin on yeddi bəndin on beşi üzrə razılıq olunduğu və paralel olaraq delimitasiya və demarkasiya komissiyasının fəaliyyətinin də ikitərəfli formatda uğurlu şəkildə davam etdiyi bir mərhələdə vasitəçilərdən daha çox əldə olunmuş razılıqların icrası ilə bağlı Ermənistana təsir mexanizmlərindən istifadə olunması zəruri addım olaraq dəyərləndirilməlidir. Bu istiqamətdə də Gürcüstan və ya Rusiya kimi regional dövlətlərdən əsas gözlənti sülh gündəliyində əks olunan müddəalar üzrə Ermənistanın məsuliyyətli yanaşma nümayiş etdirməsinin zəruriliyinin ifadə olunması və bu istiqamətdə atılmalı olan addımların təşviq edilməsidir”.

Rəfiqə NAMAZƏLİYEVA