"Rusiyaya gedən vətəndaşlarımızın hüquqları təmin edilməlidir" - Qədir Aslan

“Son günlər Rusiya ilə gərginlik fonunda Azərbaycanda rusdilli məktəblərin sayında azalmanın olub-olmayacağı müzakirə mövzusudur. Məlum olduğu kimi bu, Rusiya üçün ən həssas nöqtədir. Bir çox postsovet ölkələrində rus məktəbləri ciddi ixtisar edilib. Rusiya hakimiyyəti buna kəskin reaksiya bildirib. Rusiya Prezidenti Vladimir Putin ötən ilin avqust ayında Bakıya səfərində Azərbaycanda rus dilində təhsilin çoxluğunu fəxrlə bildirmişdi. Buna görə rəsmi Bakıya təşəkkür etmişdi”.

“Bu mövzu əslində çox strateji mövzudur. Birincisi, onu xatırlamaq lazımdır ki, rus dili Azərbaycanda xarici dil deyil. Rus dili 200 ildən bu yana doğma dilə çevrilib. Həm də bundan əlavə, rus dili işğal instrumenti olub. Yəni güllələnmələr, həbslər və digər repressiv tədbirlərin əmrləri hamısı rusca verilib. Bu səbəbdən xalqın rus dili ilə bağlı uzun illər formalaşmış bir travması var. Bununla belə, 90-cı illərdə baş verən iqtisadi və siyasi böhranlar nəticəsində xalqın böyük əksəriyyətinin Rusiyaya köç etməsi və bu bağlılığın davam etməsi rusdilli məktəblərin açıq qalmasını labüd edirdi. Lakin Azərbaycan dövləti kompleks və çoxistiqamətli tədbirlər həyata keçirməlidir. Yəni yalnız “məktəblər bağlanmalıdır” şüarı ilə bu məsələnin həlli mümkün deyil”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Qədir Aslan deyib.

Politoloq qeyd edib ki, əvvəlcə, xaricdə yaşayan vətəndaşlarımızın, xüsusilə də Rusiyaya iş dalınca gedən insanların hüquqları təmin edilməlidir.

“Onların təhsil hüquqları qorunmalı, sosial-iqtisadi məsələləri həll olunmalıdır. Bildiyiniz kimi, Rusiyaya gedən azərbaycanlıların övladlarının əksəriyyəti rusdilli məktəblərdə oxuyur. Bununla yanaşı, sosial-iqtisadi vəziyyətdən əlavə, xalqın daxilində mədəni dəyişiklik olmalıdır. Azərbaycanda bu proses həyata keçirilmədiyi üçün ölkə gah Türkiyənin, gah İranın, gah da Rusiyanın təsiri altında qalır. Moskvanın bu məsələyə reaksiyası bəllidir. Rusiya bu cür addımları rusofob kimi qiymətləndirir və çox güman ki, əks tədbirlər görəcək. Bu tədbirlər nədən ibarət ola bilər? İlk növbədə, Rusiyadakı azərbaycanlıların sıxışdırılması, onların mədəni hüquqlarının məhdudlaşdırılması mümkündür. Digər tərəfdən, Azərbaycan daxilində də əvvəlki metodikalar tətbiq oluna bilər. Məsələn, KQB və FSB-nin Azərbaycandakı milli azlıqlarla bağlı apardığı işlər var. Rusiya öz ərazisində Azərbaycana qarşı separatçı şüarlar səsləndirən qrupları dəstəkləyir. Onların müxtəlif təşkilatları, ofisləri, televiziyaları mövcuddur. Bu təşkilatlar gücləndirilə, İranla əlaqələndirilə bilər. Baxmayaraq ki, 2022-ci ilin fevralında imzalanan Moskva Bəyannaməsinə əsasən, bu cür fəaliyyətlər olmamalıdır, Rusiya yenə də həmin qüvvələri aktivləşdirəcək. Eyni zamanda, Azərbaycan daxilində – parlamentdə, hökumətdə mövcud olan agenturasını hərəkətə keçirəcək və ölkədə siyasi qeyri-sabitliyin yaranmasına cəhd göstərəcək. Əgər Azərbaycan tərəfi bu prosesə başlasa, Rusiya bunu cavabsız qoymayacaq. Bunun qisasını almağa çalışacaq”.

Rəfiqə NAMAZƏLİYEVA