- Müşahidə məntəqəsi
- 10 Fevral 20:40
- 1 419
"Pezeşkian başa düşür ki, xüsusilə də ABŞ İrana bu imkanı verməyəcək" -Siyasi şərhçi
![](https://www.aznews.az/storage/2023/02/20/iran-nukleer-reu-1889436_2.jpg)
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ölkənin ali rəhbəri Seyid Əli Xameneidən nüvə silahından istifadədən qadağanı nəzərdə tutan fətvanı geri götürməsini tələb edib. Bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri mənbələrə istinadən yazıb. Qeyd olunub ki, buna səbəb kimi Tehranda həssaslığın artması nəticələnən ABŞ Prezidenti Donald Trampın seçilməsi göstərilir:
"Bu, çox gec olmadan İranın nüvə silahını əldə etməsi üçün son şansdır", - mənbə yazıb.
“İran hər nə qədər nüvə silahına sahib olmaq fikrində olmadığını bildirsə də, əslində anlayır ki, bu silaha malik olsa, ondan imtina etməz. Sadəcə, Pezeşkian başa düşür ki, xüsusilə də ABŞ İrana bu imkanı verməyəcək. Bununla belə, İran hakimiyyəti dərin qatlarda nüvə silahına sahib olmağı istəyir və arzulayır. Bu məqsədə çatmaq üçün müxtəlif arqumentlər irəli sürərək nüvə silahına ehtiyac duyduqlarını əsaslandırmağa çalışırlar. Onlar bildirirlər ki, nüvə silahı İran üçün çəkindirici gücə malikdir və təhlükəsizliyini təmin etmək üçün vacibdir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçi qeyd edib ki, beləliklə, cəmiyyətdə və siyasi arenada bu istiqamətdə bir şüur formalaşdırmaq niyyətindədirlər.
“Xameneyinin buna razı olub-olmayacağı bəlli deyil. Böyük ehtimalla, o, bu məsələdə geri addım atmayacaq və fətvanı geri götürməyəcək. Gələcəkdə İranın nüvə doktrinasında dəyişiklik baş verə bilər, lakin bu, o qədər də asan məsələ deyil. Xüsusilə də Tramp hakimiyyəti, İranın nüvə silahına sahib olmasına icazə verməyəcək. Bu, mümkün deyil. Əgər İran nüvə silahı əldə etmək üçün ciddi addımlar atmağa çalışsa, ABŞ da təzyiqlərini artıracaq. Tramp İranın əsas düşmənlərindən biri hesab olunur və ehtimal etmək olar ki, İrana qarşı təzyiqləri daha da gücləndirəcək. Bunun üçün bir neçə variant mövcuddur. Birinci variant Yaxın Şərqdəki gərginliyin artırılmasıdır. Tramp İsrail vasitəsilə İrana təzyiq edəcək və onu yeni bir qarşıdurmaya çəkməyə çalışacaq. İkinci variant, İrana qarşı iqtisadi sanksiyaların gücləndirilməsidir. Üçüncü variant isə İranın nüvə silahına malik olmaq istəyindən istifadə edərək, Tehrana qarşı beynəlxalq təzyiqləri artırmaqdır. Bu təzyiqlərin nəticəsi olaraq, İran daxilində ziddiyyətlər yaranması mümkündür. Pezeşkian hakimiyyəti ilə Sepah arasında, eləcə də Pezeşkianla ali dini lider Xameneyi arasında fikir ayrılıqları meydana çıxa bilər. Ümumiyyətlə, ABŞ-ın təzyiqləri və Tramp hakimiyyətinin addımları nəticəsində Xameneyinin dini lider postundan uzaqlaşdırılması ehtimalı istisna deyil. Nəticədə, İranın siyasi elitasında ciddi dəyişikliklərin baş verməsi mümkündür”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az