Rusiyanın atmalı olduğu addımlar bəllidir - Siyasi şərhçi

“Nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətlərində yaranan soyuqluğun səbəbkarı məhz Rusiyadır. Azərbaycan, Rusiya da daxil olmaqla, bütün qonşularına qarşı həmişə dürüst, obyektiv və səmimi mövqe nümayiş etdirib. Lakin buna baxmayaraq, səmimi və ədalətli mövqeyimizin fonunda Rusiyanın adekvat reaksiyasını müşahidə etmirik. Xüsusilə də son gərginliyin birbaşa səbəbkarı yenə də Rusiya tərəfidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi qeyd edib ki, AZAL təyyarəsi ilə bağlı Rusiyada baş verən hadisədən sonra Rusiya rəhbərliyi üzərinə düşən məsuliyyəti yerinə yetirmədi.

Xatırladaq ki, Rusiya və Azərbaycan arasında gərginlik davam edir. İki ölkənin münasibətlərinin normala dönməsində Türkiyənin böyük rol oynayacağı gözlənilir. Burada məsələyə iki fərqli yanaşma var. Birinci mövqe belədir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prosesə qarışmayacaq. İkinci yanaşmaya görə isə vasitəçiliyi ən yaxşı məhz Rəcəb Tayyib Ərdoğan edə bilər.

“Əslində, Azərbaycan-Rusiya münasibətlərinin ruhuna və dövlətlərarası protokollara uyğun olaraq, Rusiya rəsmi şəkildə üzr istəməli, kompensasiya ödəməli və bu hadisəyə görə məsuliyyət daşıyan şəxsləri müəyyən edib cəzalandırmalı idi. Lakin bunun əvəzinə Rusiya hadisəni məqsədli şəkildə uzatmağa, reallıqları təhrif etməyə çalışır və eyni zamanda, hakim partiya nümayəndələrinin iştirakı ilə Azərbaycana qarşı böhtan və dezinformasiya kampaniyaları aparılır. Belə bir şəraitdə, təbii ki, Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik davam edir. Əslində, gözlənti ondan ibarətdir ki, Rusiya məsuliyyətli və normal bir dövlət kimi davranaraq sağlam addım atsın və Azərbaycandan rəsmi şəkildə üzr istəsin. Bu məsələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yalnız o halda vasitəçilik edə bilərdi ki, ortada ciddi bir diplomatik böhran və siyasi qalmaqal baş versin. Lakin indiki vəziyyətdə hadisə açıq-aşkardır və Rusiyanın atmalı olduğu addımlar da bəllidir. Rusiya sadəcə öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir”.

Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az