- Müşahidə məntəqəsi
- 18 Fevral 19:47
- 2 391
Tramp-Putin planı pozula bilər? - RƏY

“Amerika Birləşmiş Ştatları Ukraynanın gələcək taleyini məhz Rusiya ilə həll etməyə çalışır. Üstəlik, rəsmi Kiyevin mövqeyi bu prosesdə demək olar ki, nəzərə alınmır. Buna görə də Zelenski hakimiyyəti buna etiraz edir və artıq bu etirazları açıq şəkildə bəyan etməyə başlayıb. Əsas məsələ ondan ibarətdir ki, rəsmi Kiyev Tramp administrasiyası ilə Kreml arasında aparılan danışıqların nəticələrini tanımayacağını birmənalı şəkildə bildirir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Siyasi şərhçi qeyd edib ki, bu da o deməkdir ki, proses kifayət qədər uzana bilər.
Xatırladaq ki, gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş başlayıb. Görüş çərçivəsində mühüm məsələlərin, o cümlədən Ukrayna müharibəsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu görüşdə iştirak etməyəcəyini, Ukrayna nümayəndələri olmadan alınan qərarları tanımayacağını bildirib.
“Təbii ki, Ağ Ev Ukraynaya ciddi təzyiqlər göstərməyə çalışacaq. Lakin burada önəmli bir məqam da var: artıq Ukrayna müharibəsinin dayandırılması ilə bağlı prosesə Türkiyə də müdaxilə etməyə başlayıb. Prezident Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib və bu görüşdə əsas müzakirə mövzusu məhz Ukraynanın gələcək taleyi olub. Şübhəsiz ki, əgər Ukrayna Prezidenti Tramp-Putin planına müqavimət göstərmək üçün siyasi iradə və cəsarət nümayiş etdirə bilsə, o zaman Türkiyənin dəstəyini qazanacaq və müəyyən bir müqavimət platforması formalaşa bilər. Əgər belə bir platforma yaranarsa, Avropa İttifaqı ölkələrinin də Türkiyə-Ukrayna danışıqlarına dəstək verməsi tamamilə real görünür. Bu baxımdan hesab etmək olar ki, əgər proses bu istiqamətdə davam edərsə və Türkiyə Ukrayna məsələsində aktiv rol oynayarsa, Ukraynanın suverenliyi və ərazi bütövlüyü uğrunda güclü bir müqavimət mərkəzi yarana bilər. Belə bir müqavimət mərkəzinin formalaşması isə Tramp-Putin planının pozulmasına münbit şərait yarada biləcək önəmli faktora çevrilə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA
AzNews.az