"Vaşinqton və Moskvanın mövqeyi Ukraynaya heç bir ümid vermir”. - Siyasi şərhçi

“Hesab edirəm ki, bu proseslərə nikbin yanaşmaq çətindir, çünki burada bir dövlətin və xalqın taleyi həll olunur. Üstəlik, bu, nə həmin dövlətin, nə də xalqın xeyrinə həll edilir. Ukrayna artıq parçalanıb, ərazisinin təxminən 30 faizi Rusiya tərəfindən işğal edilib. ABŞ nümayəndələri və prezidenti ilə aparılan danışıqlardan müsbət nəticə gözləmək çətindir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Xatırladaq ki, Rusiya və ABŞ nümayəndələri arasında Ər-Riyadda baş tutan görüşün tərəflər arasında münasibətlərin inkişaf etdirilməsində, eləcə də Ukrayna müharibəsinin həlli istiqamətində mühüm rola malik olduğu vurğulanır. Bunun ardınca ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyi ilə bağlı yayılan xəbərlərdən də aydın olur ki, nümayəndə heyətləri arasında artıq müəyyən razılıqlar əldə olunub.

Siyasi şərhçi qeyd edib ki, Rusiya öz tələblərindən geri çəkilmək niyyətində deyil və işğal etdiyi ərazilərdən çıxmaq fikri yoxdur.

“Bunu danışıqlar başlayarkən Lavrovun açıqlamalarından da hiss etmək mümkün idi – o, açıq şəkildə Ukraynanın heç bir şansının olmadığını bildirirdi. Bu baxımdan düşünürəm ki, Ukraynanın taleyi faciəvidir və vəziyyət daha da ağırlaşmağa davam edəcək. Zelenski də bunu dolayısı ilə etiraf edir və getdikcə daha çarəsiz açıqlamalar verir. Ona görə də hesab edirəm ki, bu məsələlərin həlli olduqca çətin olacaq. İstər ABŞ-Rusiya danışıqları, istər ABŞ-Ukrayna danışıqları, istərsə də gələcəkdə üçtərəfli formatda aparılan müzakirələr Ukrayna üçün acınacaqlı nəticələr doğuracaq və hazırkı vəziyyət onsuz da kifayət qədər ağırdır. Ukrayna xalqı və dövləti böyük çətinlik içindədir, faktiki olaraq ölkə parçalanıb. Rusiya əraziləri işğal edib, ABŞ isə Ukraynaya verilən maliyyə yardımlarının qarşılığında onun təbii sərvətlərinə nəzarət etməyə çalışır. Vaşinqton Ukraynanın böyük borclarını əsas gətirərək onun təbii ehtiyatlarını istismar etmək niyyətindədir, Rusiya isə işğal etdiyi əraziləri əlində saxlamaqda israrlıdır. Hesab edirəm ki, bir dövlət və xalq üçün bundan daha faciəvi vəziyyət ola bilməz. Təəssüf ki, bu ağır durum hələ uzun müddət davam edəcək, çünki Vaşinqton və Moskvanın mövqeyi heç bir ümid vermir”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az