"İtaliya Azərbaycana dost ölkədir" - Şəhla Cəlilzadə

“İtaliya Azərbaycana dost ölkədir. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə 2014-cü ildə imzalanıb. İtaliya hər zaman Azərbaycana münasibətdə ədalətli mövqeyini qoruyub saxlamağa çalışıb və Avropa müstəvisində müşahidə olunan bir çox qərəzli yanaşmalara qoşulmayıb. Məsələn, bir çox Avropa dövlətləri Azərbaycanın 2022-ci ilin dekabrında başlatdığı və qondarma rejimin ləğvinə yol açan eko-aksiyanı dayandırmağa çağırış edərkən, İtaliya belə çağırışlara qoşulmayıb. Həmçinin, azərbaycanlıların geri dönüş hüququnu heç vaxt gündəmə gətirməyən Avropa ölkələri, Qarabağ ermənilərinin geri dönüşünün təmin olunması, müharibə cinayətkarı olan “erməni əsirlərin” qaytarılması və Ermənistanın ərazi bütövlüyünün qorunması üçün çağırışlar edirlər. Hətta Avropa Parlamenti ötən il Azərbaycana qarşı sanksiya tətbiq olunması üçün çağırış etmişdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, İtaliya Senatının yekdilliklə “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnamənini qəbul etməsi hər iki ölkədə müsbət qarşılanıb. Sənədin lehinə 112 senator səs verib. Senatın bu qərarı İrəvanda da xüsusi təqdir edilib. Fransa başda olmaqla bir sıra Avropa ölkələrindən fərqli olaraq İtaliyanın sülh prosesi ilə bağlı mövqeyi müsbət dəyərləndirilir.

Siyasi şərhçi qeyd edib ki, bütün bunların fonunda İtaliya Senatının qəbul etdiyi qətnamə ədalətli və balanslı yanaşması ilə seçilir.

“Qətnamə sülhün əldə olunması üçün çağırış edərkən Azərbaycanın mövqeyini də nəzərə alır. Xüsusilə, sənəddə mina məsələsinin əks olunması və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmaq hüquqlarının tapdalanmasında bu amilin oynadığı rolun vurğulanması, həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin qeyd etmək lazımdır ki, qətnamə neytral xarakter daşıyır. Məhz bu səbəbdən Ermənistan tərəfindən də müsbət qarşılanıb və Ermənistan Parlamentinin spikeri Alen Simonyan İtaliya Senatına təşəkkür bildirib. Qətnamənin ən diqqətçəkən məqamlarından biri İtaliyanın həm Ermənistan, həm də Azərbaycanla balanslaşdırılmış iqtisadi əlaqələrə nail olmasından bəhs etməsidir. Qeyd edək ki, 2024-cü ildə İtaliya ilə Azərbaycanın ticarət dövriyyəsi 11,4 milyard dollar təşkil edib. Ermənistanla isə bu rəqəm cəmi 421 milyon dollar olub. Bu, ümumilikdə Avropa miqyasında Ermənistanla iqtisadi əməkdaşlığın genişləndirilməsi prosesinə İtaliyanın da cəlb oluna biləcəyini göstərir. Eyni zamanda, bu qətnamə İtaliya Parlamenti tərəfindən hökumətə müvafiq addımlar atılması üçün verilmiş bir siqnal kimi də qiymətləndirilə bilər”.

Siyasi şərhçi daha sonra bildirib:

“Ancaq nəzərə almaq lazımdır ki, bir çox hallarda parlament qətnamələri yalnız kağız üzərində qalır – məsələn, Avropa Parlamentinin qətnaməsi kimi. Bununla belə, İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən vacib tərəfdaş ölkələrindən biri olduğunu nəzərə alaraq, qarşıdakı dövrdə bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində iqtisadi və siyasi addımların atılması vacibdir. Strateji tərəfdaşımızın Ermənistan tərəfindən mənimsənilməsinə, Azərbaycanın İtaliya ilə münasibətlərində sahib olduğu xüsusi imtiyazların (məsələn, silah satışı və s.) balanslaşdırılmış siyasət adı altında Ermənistana da təqdim olunmasına səthi yanaşmaq arzuolunmaz nəticələrə səbəb ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az