- Müşahidə məntəqəsi
- 21 Fevral 18:54
- 1 376
"Tramp və Putin Zelenskinin devrilməsi planına start verə bilər" - AÇIQLAMA

“Səudiyyə Ərəbistanında Rusiya ilə Birləşmiş Ştatlar arasında Ukraynanın iştirakı olmadan aparılan sülh danışıqları Ukrayna xalqına qarşı hörmətsizlikdir. Bu, Trampın Putinin “Zelenskinin legitim hökumət və prezident kimi tanınmaması” tezisini qəbul etdiyini göstərir. Trampın əsas prioriteti Rusiya ilə münasibətləri normallaşdırmaq, Ukraynanı ərazi güzəştlərinə məcbur etmək və eyni zamanda ABŞ-ın əvvəlki administrasiyası tərəfindən verilən yardımların əvəzi kimi Ukraynanın faydalı qazıntı yataqlarının istismarına nail olmaqdır. Görünən odur ki, Tramp bu planı Ukrayna ərazisinin və ya müəyyən güzəştlərin Rusiyaya verilməsi şərti ilə həyata keçirməyə çalışır. Bu addımdan sonra Avropa İttifaqı ölkələri təcili toplantılar keçirdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Xatırladaq ki, son günlər ABŞ-ın Ukraynanın təbii sərvətlərinə iddia etməsi ilə bağlı məlumatlar yayılır. “The Telegraph” nəşrinin verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın təbii sərvətlərlə bağlı Ukraynaya tələbi Almaniyanın Birinci Dünya müharibəsində imzaladığı Versal müqaviləsi təzminatlarından belə daha ağırdır. Tramp Ukraynadan kritik minerallara nəzarətdən əlavə, həm də limanlar, vacib infrastrukturlar, eləcə də neft və qaza qədər hər şeydə ABŞ-ın payı olmasını tələb edib.
Siyasi şərhçi qeyd edib ki, lakin Avropa İttifaqının Ukrayna məsələsinə yanaşması da qeyri-səmimi görünür.
“Çünki Tramp administrasiyasının, xüsusilə Avropanın əsas iqtisadi və siyasi gücləri – Almaniya və Fransa hökumətlərinə qarşı ciddi təzyiqlər göstərəcəyi gözlənilir. Böyük ehtimalla, həmin ölkələrdə hökumətlərin devrilməsinə çalışacaq. Bu səbəbdən Avropa İttifaqı, xüsusilə Fransa, Ukrayna məsələsində daha çox taktiki manevrlər edir. Fransa başa düşür ki, Tramp administrasiyası Makron hökumətinə qarşı təzyiq göstərəcək. Buna görə də Ukraynanı müvəqqəti təzyiq vasitəsi kimi istifadə edərək, ABŞ-a qarşı müəyyən ittifaqlar qurmağa çalışır. Bu yanaşma, əlbəttə ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı səmimi bir mövqe deyil. Ukrayna sadəcə olaraq bir vasitə kimi istifadə olunur. Bu vəziyyətdə Zelenski yeganə ümidini siyasi əxlaqı və prinsipial mövqeyi ilə seçilən Ərdoğana bağlamağa məcbur olub. Lakin bu, həm tələsik, həm də gecikmiş addım kimi görünür. İstanbul sammitində Rusiya və Ukrayna arasında müsbət meyillər müşahidə olunsa da, Birləşmiş Ştatlar, Britaniya və Fransanın təhriki ilə Ukrayna rəhbərliyi müharibəni davam etdirmək qərarına gəldi. Bu isə strateji bir səhv oldu”.
Siyasi şərhçi daha sonra bildirib:
“Hazırda Zelenskinin Türkiyəyə üz tutması Ankara üçün də çətin bir vəziyyət yaradıb. Çünki proseslər elə bir həddə çatıb ki, Türkiyənin sülh danışıqlarını irəlilətməsi xeyli çətinləşib. Türkiyənin də öz maraqları var və Moskva Səudiyyə Ərəbistanında keçirilən görüşlərin davam etməsinə məhz bu səbəbdən razılıq verib. Türkiyənin Ukraynaya dəstək verməsi, silah tədarükü və Suriyadakı proseslərdə mühüm oyunçuya çevrilməsi isə Rusiya ilə münasibətlərində soyuqluq yaradıb. Türkiyə mesaj verir ki, regionda və daha geniş miqyasda onun iştirakı olmadan heç bir prosesin uğurla nəticələnməsi mümkün deyil. Bu baxımdan, Türkiyənin aktiv iştirakı Birləşmiş Ştatlarla Rusiya arasındakı danışıqlarda müəyyən yubanmalar yarada bilər. Ukraynanın bölüşdürülməsi məsələsində Moskva və Vaşinqtonun maraqları üst-üstə düşsə də, Türkiyənin proseslərə müdaxiləsi yekun nəticəni ləngidə bilər. Ümumilikdə vəziyyət kifayət qədər mürəkkəbdir. ABŞ Ukraynanı ərazi güzəştlərinə məcbur etməyə çalışır və Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətindədir. Hazırda Zelenskinin dirənişi müşahidə olunur və o, xüsusilə Türkiyənin dəstəyini almağa çalışır. Digər Avropa İttifaqı ölkələri isə cəsarətsiz mövqe sərgiləyir və onların da əsas ümidi Türkiyədir. Ancaq Türkiyə üçün də vəziyyət kifayət qədər çətindir. Böyük ehtimalla, yaxın gələcəkdə Tramp və Putin Zelenskinin devrilməsi planına start verə bilərlər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az