"Ermənistan Cənubi Qafqazda heç bir təsir gücünə malik deyil" - Deputat

“Qərbin və Rusiyanın Ermənistandan bir vasitə kimi istifadə edərək öz maraqlarını bu qondarma dövlət üzərindən həyata keçirmək istədiyi sirr deyil. Tarix boyu hər iki fərqli qütbün Cənubi Qafqaz ölkələrini hədəfə aldığına dair kifayət qədər fakt mövcuddur. Gürcüstanı etnik münaqişələrdən istifadə edərək Rusiya ilə meydanda tək qoyan, agentləri vasitəsilə rəsmi Tbilisinin maraqlarını əngəlləyən, daxili siyasətini iflic vəziyyətinə salan, cəmiyyət institutları arasında ixtilaflar yaradan və bu ölkəni özündən asılı hala gətirən, şübhəsiz ki, ABŞ, Avropa İttifaqı, xüsusilə də Fransadır. Paris indi də eyni oyunu Ermənistan üzərindən oynamağa çalışır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Xatırladaq ki, Ermənistanla Fransa arasında müdafiə sahəsində əməkdaşlıq davam edir. Son günlər Fransanın erməni ordusunu sistemli şəkildə gücləndirdiyini və bunu açıq şəkildə bəyan etdiyinin şahidi oluruq. Paris həmçinin münaqişənin bitmədiyini, yeni hərbi toqquşma ehtimalının qaldığını iddia edir. Bundan başqa, Ermənistan sərhəddə yeni mövqelər inşa edir, mühəndis-istehkam işləri aparır.

Deputat Qərbin təhriki ilə Ermənistanın sülhə yox, qarşıdurmaya və yeni müharibəyə sürüklənməsində Fransanın roluna toxunaraq, bunun İrəvan üçün çox ağır nəticələr verə biləcəyini qeyd edib:

“Fransanın müstəmləkə siyasəti, dövlətləri işğal etməsi və xalqları kölə vəziyyətinə salması bu ölkənin yüz illərdir davam edən siyasətidir. Afrika ölkələrindən sıxışdırılıb çıxarılır, dənizaşırı ərazilərini bir-bir itirməkdədir. Lakin baş verənlərdən nəticə çıxarmaq əvəzinə, dünyanın yeni regionlarında münaqişə ocaqları yaratmağa çalışır. Fransanın Ermənistana siyasi və hərbi dəstəyi, atdığı digər addımlar bu ölkəni revanş müharibəsinə hazırlamaq məqsədi daşıyır. Bu, ermənilərə olan sevgidən irəli gəlmir, əksinə, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış bir dövlətin, dünyada “əzabkeş xalq” imici yaratmağa çalışan bir millətin xəyalpərvərliyindən və düşdüyü acınacaqlı vəziyyətdən sui-istifadədir. Rəsmi Parisin əsas məqsədi Cənubi Qafqaza və Orta Dəhlizin keçdiyi ərazilərə nəzarəti ələ keçirməkdir. Lakin regional aktorlar buna razı deyillər, çünki milli maraqlar kənar qüvvələrin burada mövcudluğunu qəti şəkildə rədd edir. Ermənistan isə Cənubi Qafqazda heç bir təsir imkanına malik deyil. Ona görə də Fransa kimi aqressiv siyasət yürüdən bir gücdən istifadə etməyə çalışır”.

Deputat daha sonra bildirib:

“Fransadan köhnəlmiş silahlar və istifadə müddəti bitmiş texnikanı almaqla və ya hədiyyə kimi qəbul etməklə İrəvan Parisin borclular siyahısına düşür. Bu isə Ermənistanın dövlət kimi varlığını sual altına qoyur. Fransa və ABŞ-ın Zəngəzur bölgəsində səngərlər qazması və mühəndis-istehkam qurğuları quraşdırması heç nəyi dəyişmir. Kapitulyasiya etmiş, ədalətsiz müharibədə ağır məğlubiyyətə uğramış bir dövlətin Azərbaycana qarşı revanşa hazırlaşması və kiçik bir uğur qazanmaq ehtimalı sıfıra bərabərdir. Azərbaycan Silahlı Qüvvələri Ermənistan və onun havadarlarının bütün çirkin oyunlarını pozmaq gücündədir. Ermənistanın yeganə yolu Azərbaycanla sülh bağlamaqdır.”

Rəfiqə NAMAZƏLİYEVA,

Aznews.az