Azərbaycan-Rusiya münasibətləri... Proseslər nəyi ehtiva edir? -AÇIQLAMA

“Azərbaycan istər Rusiya, istərsə də digər tərəfdaş ölkələrlə daim səmimi münasibətlər qurub və etibarlı tərəfdaş imici qazanıb. Azərbaycan hər zaman öz tərəfdaşlarından da adekvat və obyektiv siyasət yürütməyi tələb edib. Son dövrlərdə Rusiyada “Rus evi” və “Sputnik”lə bağlı atılan müxtəlif addımlara cavab olaraq Azərbaycanın verdiyi reaksiyalar, əslində, qarşı tərəfin addımlarına adekvat idi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin son açıqlaması diqqət çəkib. Belə ki, o, Azərbaycanın Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anladığını və Moskvanın Bakının gələcək addımlarında bunu rəhbər tutacağını gözlədiyini bildirib. Türkiyə mediasının yaydığı məlumata görə, “Sputnik”in və “Rus evi”nin bağlanmasına qarşılıq olaraq Moskva Novorossiysk neft kəmərinin bağlanması variantını müzakirə edir. Lakin rəsmilər bu addımın Bakıya böyük təsir etməyəcəyini vurğulayıblar.

Siyasi şərhçi qeyd edib ki, bundan əvvəl də Azərbaycan Fransa hökumətinin, xüsusilə Prezident Emmanuel Makronun Azərbaycana qarşı qərəzli siyasətinə, eləcə də ABŞ-da Bayden-Blinken administrasiyasının siyasətinə qarşı sərt mövqe nümayiş etdirib.

“Bu mövqe birbaşa dövlət maraqlarından irəli gəlir. Azərbaycanın Rusiya ilə münasibətlərində son gərginlik, AZAL-a məxsus təyyarənin Rusiya səmalarında Rusiya Hərbi Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulması ilə başladı. Hadisədən dərhal sonra Azərbaycan bəyanat verərək, dövlət başçısının tələb etdiyi kimi, Rusiyanın üzr istəməli olduğunu və günahkarların cəzalandırılmasının vacibliyini vurğuladı. Rusiya üzr istəsə də, bu prosesdə müəyyən gecikmələr və yayındırıcı cəhdlər müşahidə olundu. Hazırda isə günahkarların cəzalandırılması və digər müvafiq addımların atılması tam həyata keçirilməyib. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyini qoruyur və Rusiyaya aydın mesajlarını çatdırıb. Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi baxımından strateji analiz göstərir ki, Rusiyanın Azərbaycana qarşı səhv addımlar atması, ilk növbədə, Moskvanın öz maraqlarına zidd olar. Azərbaycan müstəqil siyasət yürüdən bir dövlətdir və Türkiyə kimi strateji müttəfiqi, İsraillə güclü əlaqələri, Avropa İttifaqının müxtəlif ölkələri ilə normal və yüksək səviyyəli münasibətləri var. Həmçinin, Tramp administrasiyası dönəmində ABŞ-Azərbaycan əlaqələrinin normallaşacağı proqnozlaşdırılır”.

Siyasi şərhçi daha sonra bildirib:

“Buna görə də, Azərbaycanın regionda güclü mövqeyi və geniş manevr imkanları var. Rusiya ilə münasibətlərin kəskinləşməsi və ya arzuolunmaz bir istiqamətə yönəlməsi Moskvanın da maraqlarına uyğun deyil. Ola bilər ki, Rusiyada müəyyən qruplaşmalar fərqli mövqe sərgiləməkdə maraqlı olsun, lakin belə bir addım atılarsa, bu, ilk növbədə, Rusiya hökumətinin öz maraqlarına zidd olar. Ümumiləşdirilmiş şəkildə qeyd etmək olar ki, Azərbaycan və Rusiya arasındakı münasibətlərin normallaşması və pozitiv inkişaf meyllərinin müşahidə edilməsi ehtimalı kifayət qədər yüksəkdir. Rusiya artıq Azərbaycanın ilk tələbini yerinə yetirdiyi kimi, digər iki tələbə də adekvat cavab verəcək və nəticədə iki ölkə arasındakı münasibətlər normallaşacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az