- Müşahidə məntəqəsi
- 26 Fevral 20:57
- 2 162
"Ermənistan dövlət olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir" -Siyasi şərhçi

“Artıq aydındır ki, Ermənistan üçün Zəngəzur dəhlizinin açılması məsələsində alternativ yol qalmayıb. Ermənistan bu məsələdə prosesi süni şəkildə uzatmamalı, üzərinə düşən öhdəlikləri yerinə yetirməli və dəhlizin açılması istiqamətində hər hansı təxribatçı addımlardan çəkinməlidir. Ermənistanı qızışdıran xarici siyasi qüvvələrin təsiri altına düşmək əvəzinə, Azərbaycanın çağırışlarını əsas götürməli və reallığı qəbul etməlidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyanın son açıqlamaları müzakirələrə səbəb olub. O, Ermənistanın Baş naziri Nikol Paşinyan və komandasının daim yalan danışdığını, lakin Azərbaycan Prezidenti İlham Əliyevin həmişə həqiqətləri dediyini bildirib. Xaçikyan artıq İrəvanın Zəngəzur dəhlizinin açılmasına razılıq verdiyini, lakin bunun hələ də ermənilərdən gizlədildiyini qeyd edib.
Siyasi şərhçi bildirib ki, Azərbaycanın təklif etdiyi həll yolu, əslində, Ermənistan üçün də yeni çıxış imkanları yaradır.
“Tarixdə ilk dəfə normal bir dövlət kimi mövqeyini təsdiq etmək istəyirsə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı təxribatçı mövqeyindən əl çəkməlidir. Təəssüf ki, hazırda Ermənistan müxtəlif vasitələrdən istifadə edərək bu dəhlizin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə çalışır. Atdığı addımlar daha çox bölgədə qarışıqlıq yaratmağa və dövlətlərarası münasibətlərin pozulmasına xidmət edir. Ermənistanın konstruktiv mövqe sərgiləməməsi və Zəngəzur dəhlizinin açılmasını əsassız şəkildə sabotaj etməyə davam etməsi bölgədə əlavə gərginlik yaradır. Bu, həm Ermənistanın özü, həm də regional əməkdaşlıq üçün ciddi təhlükələr doğurur. Artur Xaçikyan və digər erməni ekspertlərin açıqlamaları Azərbaycan üçün heç bir əsas təşkil etmir. Lakin fakt ondan ibarətdir ki, Ermənistan dövlət olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir və bu öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az