- Müşahidə məntəqəsi
- 18:32
- 1 871
"Yeni dünya düzəni: Zəiflər qorunmaq üçün xərac ödəyirlər" - Elçin Mirzəbəyli

“Donald Tramp adminstrasiyasının reallaşdırmağa çalışdığı dünya nizamının yenilənməsi prosesinin sürətlənməsinə xidmət edən siyasətin hansı nəticələrə gətirib çıxaracağını öncədən söyləmək mümkün deyil. Prosesin süni şəkildə sürətləndirilməsi üçün atılan addımlar əks-effekt verə də bilər. Və yaxud hazırda dilə gətirilməyən, lakin istisna edilməyən ehtimallardan biri də Ağ evin kəskin qərar və addımlarının arxasında yeni dünya nizamının formalaşdırılmasından daha çox digər aktorlar tərəfindən ABŞ-nin qlobal hegemonluğunun istisnasız olaraq qəbul edilməsidir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Xatırladaq ki, bir neçə gündür, erməni mediası Ermənistan Baş naziri Nikol Paşinyanın çətin vəziyyətdə qaldığını iddia edir. ABŞ-Rusiya danışıqlarından sonra həm Qərbin zəiflədiyi, həm də Ukrayna müharibəsi bitən kimi Rusiyanın Cənubi Qafqaza fokuslanacağı fikirləri fonunda Nikol Paşinyanın Kreml və Aİ-nin dəstəyini itirəcəyi bildirilir. İddialara görə, Ermənistan Baş naziri Türkiyəyə sığına bilər.
Deputat qeyd edib ki, Tramp ABŞ-ni başqalarının təhlükəsizliyini öz hesabına təmin edən qlobal gücdən, başqalarının öz təhlükəsizliklərini təmin etmək üçün qapısında növbə tutduğu və buna görə, böyük vəsaitlər ödədiyi muzdlu müdafiəçiyə çevirmək istəyir.
“Yeni düzənin məntiqi belədir: Zəiflər özlərini qorumaq üçün güclüyə xərac ödəyirlər. Yeni formul deyil, mövcud olanların ən qədimi və ola bilsin ki, ən effektividir. Hüquq və ədalət prinsipləri üzərində deyil, qorxu üzərində qurulub... Bu baxımdan, Ermənistanın başqa bir aspektdən nəinki qorxmasına, hətta qorxudan titrəyib əsməsinə ehtiyac var. Çünki özünümüdafiə üçün verəcəyi heç nə yoxdur. Təbii resursları yoxdu, etnomədəni baxımdan özündən başqa kimsəyə təsir göstərmək potensialında deyil, kollaps vəziyyətindədir, özünə sözün bütün mənalarında çıxış yolu lazımdır. Avropa İttifaqının çox güman ki, yaxın zamanlarda başı öz problemlərindən ayılmayacaq. Çünki Avropa siyasətçiləri, əvvəllər olduğu kimi sosial mesajlarla vətəndaşları rahatlıqla ələ ala, rahat həyata alışmış Avropa seçicilərini isə “təhlükəsiz yaşamaq üçün daha çox ödə” bilməyəcəklər. Avropa ölkələrini liberal qlobalizm boğluğundan milli suverenlik reallığına ağrılı transformasiya prosesi gözləyir. Geriyə dönüş hər zaman çətin olduğu üçün yeni reallıqlar Avropanın bir çox ölkələrini siyasi-iqtisadi böhrana sürükləyə bilər”.
Deputat daha sonra bildirib:
“Təbii ki, hər şey hazırda göz önündə olan və təbliğ edilən reallıqlara uyğun şəkildə cərəyan edəcəksə, o zaman Ermənistan üçün həyati bir suala cavab tapmaq lazım gələcək: Mövcud vəziyyətdə Ermənistan kimə və nəyə lazımdır? Paşinyanın Türkiyəyə sığına biləcəyini tamamilə istisna etməsəm də, bunun həddindən artıq çətin olacağını düşünürəm. Bu oz zaman mümkün ola bilər ki, Ermənistanda hakimiyyətə iddia edən qruplardan heç başqa alternativi olmasın və ən sonuncu erməni belə bu reallığı qəbul etmək potensialında olsun. Çox güman ki, birbaşa olmasa da, dolayısıyla Rusiya amili ortaya çıxa və Ermənistanı ənənəvi platformasına qaytara bilər. Region dövlətlərinin iştirakı ilə yaradıla biləcəyi istisna olunmayan yeni birlik modellərində Ermənistanın yer ala biləcəyi ehtimalı da var. Düşünürəm ki, hadisələrin gedişatının xronoloji ardıcıllığını təxminən etmək üçün, ən azı Rusiya-Ukrayna müharibəsinin yekun nəticəsini gözləmək lazım gələcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az