"ABŞ-Ukrayna münasibətləri:" Sülhə məcbur etmə diplomatiyası"" -Siyasi şərhçi

“Ukraynanın gələcəyini müəyyənləşdirən tarixi günlər yaşanır. Artıq aydın görünür ki, dünya gücləri Ukraynanın parçalanması ilə bağlı plana razılaşıb. Avropa və ABŞ liderlərinin ritorikası və davranışları fərqli görünsə də, əslində Avropa, ABŞ-ın hazırladığı planı icra edir. Bu, Britaniyanın Baş naziri Kiri Starmerin sözlərində də özünü büruzə verir: “Bizim öhdəliyimizə ağır iş düşür, lakin bu iş ABŞ-ın güclü dəstəyini özündə ehtiva etməlidir.” Eyni zamanda, 6 martda keçiriləcək zirvə görüşü Avropa və Ukraynanın mövqelərinin ABŞ-la razılaşdırılması üçün təşkil olunub”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, Fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaşanan gərginliklə bağlı siyasi dairələrdə müzakirələr davam edir. Görüşdə Ukrayna lideri və ABŞ-ın vitse-prezident Ceyms Devid Vens arasında yaşanan mübahisə xüsusi diqqət çəkib. Vensin Zelenski ilə Tramp arasındakı dialoqa daxil olması və Ukrayna liderinə münasibəti müzakirələrə səbəb olub.

Siyasi şərhçi qeyd edib ki, hazırda maraqlı tərəflər arasında pay bölgüsü uğrunda mübarizə gedir.

“Aslan payını isə, təbii ki, ABŞ götürmək istəyir. Bu prosesin nəticəsi Oval Ofisdə baş tutan Tramp-Zelenski görüşündən asılı idi. Lakin Zelenskinin mövqeyi ABŞ-ın planlarını pozdu – 500 milyard dollarlıq saziş imzalanmadı. Zelenski bu razılaşma üçün təhlükəsizlik təminatı, yəni NATO üzvlüyünü tələb etdi. ABŞ və digər Qərb dövlətləri isə buna qəti şəkildə qarşı çıxırlar. Əgər Ukraynaya NATO üzvlüyü verilərsə (2008-ci ildə Buxarest Sammitində vəd edildiyi kimi), bu, həqiqətən də III Dünya Müharibəsinin başlanğıcı ola bilər. Çünki Zelenski ölkəsinin 20% ərazisini itirmək faktı ilə razılaşmır və müharibəni qələbəyə qədər davam etdirmək niyyətindədir. Lakin aydındır ki, bunu təkbaşına həyata keçirmək mümkün deyil. NATO Nizamnaməsinin məşhur 5-ci maddəsinə əsasən, kollektiv təhlükəsizlik təminatı öhdəliyinə görə NATO üzvləri də Rusiyaya qarşı müharibəyə girməli olacaqlar. Lakin nə Avropada, nə də ABŞ-da Ukraynanın ərazi bütövlüyü naminə müharibə aparmaq istəyi var. Bu səbəbdən, Ukraynaya hansı formada təhlükəsizlik təminatı veriləcəyi məsələsi Oval Ofisdəki görüşdən dərhal sonra Londonda keçirilən zirvədə bəyan edildi. Avropa dövlətləri, o cümlədən Türkiyə və Kanada kimi NATO üzvləri, Ukraynaya sülhməramlı kontingent göndərmək qərarına gəliblər. Lakin bu, yalnız Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq”.

Siyasi şərhçi daha sonra bildirib:

“Hazırda Zelenskiyə qarşı ABŞ-dan gələn təzyiqləri “sülhə məcburetmə diplomatiyası” adlandırmaq olar. Ağ Evdə Trampın milli təhlükəsizlik müşavirləri ilə keçirəcəyi iclasda Ukraynaya yardımların dayandırılması məsələsi müzakirə olunacaq. İclasın nəticələri ilə bağlı ilkin ehtimalları müşavirlərin açıqlamalarına əsasən müəyyən etmək mümkündür. Məsələn, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts bildirib: “ABŞ-a Ukraynanın həm bizimlə, həm də ruslarla işləyə bilən bir lideri lazımdır. Əgər Zelenski bu tələblərə uyğun davranmazsa, bu, ciddi problem olacaq. Bu açıqlama Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı açıq təhdid kimi qiymətləndirilə bilər. Bundan başqa, ABŞ-ın Ticarət naziri Hovard Latnik isə bəyan edib: “Zelenski sülhə razılaşmayana qədər biz Ukraynaya yardım ayırmayacağıq.” Beləliklə, Ukraynada hakimiyyət dəyişikliyi və ABŞ-ın maliyyə yardımını dayandırması ehtimalları gündəmdədir. Əgər Zelenski bu təhdidləri düzgün qiymətləndirməzsə, Ukraynanın daha dərin bir böhrana sürüklənəcəyi ehtimal edilir. Sülh müqaviləsinin imzalanması isə Ukraynanın hazırkı parçalanmış vəziyyətdə qalması, rekonstruksiya və bərpa üçün Qərbdən maliyyə yardımları alması, əvəzində isə təbii sərvətlərini xarici güclərə təslim etməsi demək olacaq. Beləliklə, Ukraynanın uzaqgörən olmayan siyasəti nəticəsində onun ərazilərini Rusiya, sərvətlərini isə Qərb mənimsəyəcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az