- Müşahidə məntəqəsi
- 3 Mart 20:02
- 2 070
"Avropa və ABŞ ayrıca güc mərkəzlərinə çevrilə bilər" -Hikmət Babaoğlu

“Avropa Birliyi uzun müddətdir öz təhlükəsizliyi ilə bağlı həyəcan təbili çalır. Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə belə, Fransada NATO-nun “beyin ölümü” keçirdiyi barədə fikirlər səsləndirilirdi. Avropanın yenidən qurulmuş təhlükəsizlik sisteminə və müstəqil hərbi qüvvələrə ehtiyac duyduğu vurğulanırdı. Lakin Tramp administrasiyasının ABŞ-da hakimiyyətə gəlməsi ilə Avropanın təhlükəsizlik problemləri daha açıq şəkildə görünməyə başladı və bu, Avropa üçün yeni bir təhlükəsizlik sisteminin qurulmasının zərurət olduğunu ortaya çıxardı. Yeni dünya nizamının formalaşması ilə bağlı müzakirələrdə həmişə çoxqütblü sistemdən danışılırdı. Lakin bu prosesdə ABŞ və Qərb, yəni Avroatlantik bölgə, dünya nizamının ayrılmaz hissəsi kimi qəbul edilirdi. Alternativ güc mərkəzləri kimi isə Qlobal Cənub, Cənub-Şərqi Asiya, Mərkəzi Asiya və Avrasiya kimi bölgələr göstərilirdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin son çağırışı diqqət çəkib. O, Avropanın təcili şəkildə silahlanmalı olduğunu vurğulayıb: “Həqiqətən ciddi addımlar atmalıyıq. Uzun müddət ərzində müdafiəyə investisiyaların artırılması olduqca vacibdir. Bu, Avropa İttifaqının təhlükəsizliyi üçün zəruridir və biz mövcud geostrateji mühitdə ən pis ssenariyə hazır olmalıyıq. Buna görə də müdafiəmizi gücləndirməliyik.”
Deputat bildirib ki, hadisələrin gedişi göstərir ki, çoxqütblü dünya nizamında artıq Avropa və ABŞ ayrıca güc mərkəzlərinə çevrilə bilər.
“Belə bir mənzərə fonunda Avrasiyanın və Avroatlantikanın ümumi coğrafiyasına nəzər salsaq, Türkiyənin xüsusi əhəmiyyət kəsb etdiyini görərik. Türkiyənin həm coğrafi mövqeyi, həm hərbi gücü, həm dinamik əhalisi, həm də son illərdə hərbi sənayedə qazandığı nailiyyətlər onu diqqətəlayiq oyunçulardan birinə çevirir. Üstəlik, Türkiyənin daima döyüş təcrübəsi olan bir orduya sahib olması da önəmli faktorlardandır. Türkiyənin NATO-ya üzv olması ötən əsrin 50-ci illərində Varşava Paktının, yəni SSRİ-nin rəhbərlik etdiyi hərbi blokun güclənməsinə qarşı bir zərurət kimi meydana çıxmışdı. Bu gün isə Avropanın yenidən təhlükəsizliyə ehtiyac duyduğu bir şəraitdə Türkiyənin gücü mühüm faktor kimi qiymətləndirilir. Lakin Türkiyə NATO üzvü olsa da, 1980-ci illərdən etibarən NATO daxilindəki bəzi ölkələrlə gərgin münasibətlər yaşamaqdadır. Xüsusilə Yaxın Şərqdə və Suriya ərazisində Fransa ilə yaşanan qarşıdurmalar, 1973-cü ildə Yunanıstan-Türkiyə münasibətlərində faktiki müharibə vəziyyəti və bu gün Fransanın Yunanıstanla birlikdə Türkiyəyə qarşı NATO daxilində ayrıca bir blok yaratmaq cəhdləri Ankara üçün ciddi maneələr yaradır”.
Deputat daha sonra bildirib:
“Bütün bu proseslər Türkiyənin NATO içərisində bir növ “ögey övlad” kimi qəbul edildiyini göstərir. Hətta Türkiyə Avropa İttifaqına qəbul olunsa belə – ki, bu, real görünmür – o, xüsusi şərtlərlə və ayrıca statusla qəbul edilə bilər. Bu isə Türkiyənin Avropa ailəsində də ikinci dərəcəli mövqedə qalacağı anlamına gələ bilər. Bu səbəbdən, Türkiyə 50-ci illərdə etdiyi səhvi təkrarlamamalıdır. Əvəzində, liderlik etdiyi Türk Dövlətləri Təşkilatı çərçivəsində coğrafi təsir dairəsini genişləndirərək dünya siyasətində müstəqil bir güc mərkəzinə çevrilə bilər. Türkiyənin bu istiqamətdə irəliləməsi üçün kifayət qədər iqtisadi potensialı, hərbi qüdrəti və demoqrafik gücü var. Üstəlik, Azərbaycanın da daxil olduğu “türk ailəsi” ilə birlikdə yeni dünya nizamında mühüm oyunçulardan birinə çevrilə bilər. Beləliklə, Türkiyə, yeni beynəlxalq münasibətlər sistemində “parlayan ulduz” statusunu qazana bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az