- Müşahidə məntəqəsi
- 20:09
- 1 273
"Ermənistan öz hərbiçilərini Rus sərhədçiləri ilə əvəz etmək siyasəti yürüdür" -Azər Bayramov

“Ermənistanın danışıqları ilə əməlləri arasında ciddi ziddiyyətlərin olduğu hər kəsə bəllidir. Daha əvvəl baş havadarı Fransanın vasitəçiliyi ilə guya Ermənistana hansısa bir təhlükə və təhdid olduğu iddia edilərək, Azərbaycan və Ermənistan arasındakı şərti sərhəd ərazilərinə “mülki missiya” adı altında qüvvələr yerləşdirildi. Bu missiyanın tərkibində Fransa jandarmiyasının ehtiyatda olan hərbçiləri və digər agent şəbəkəsi də mövcud idi. Onların sərhəd bölgələrindəki fəaliyyəti də hər kəsə məlumdur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
Xatırladaq ki, artıq Ermənistan-Türkiyə sərhədinə Rusiya sərhədçiləri deyil, erməni əsgərləri nəzarət edəcək. Daha əvvəl rus kontingenti Ermənistan-İran sərhədindən çıxarılmışdı. Bu, Ermənistanın Azərbaycandan Zəngəzur hərbi müdaxilə gözləmədiyinin sübutu kimi dəyərləndirilib. Bildirilib ki, İrəvan belə risk gözləsəydi, Rusiya qoşunlarını ərazidən çıxarmazdı.
Hərbi ekspert qeyd edib ki, Ermənistan İran və Türkiyə ilə sərhədlərində Rusiya sərhədçilərini öz hərbçiləri ilə əvəzləmək siyasətini yürüdür.
“Bu proses Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən öncədən planlaşdırılmışdı. Zvartnots hava limanında, İran sərhədində və son olaraq Türkiyə sərhədində Rusiya hərbçilərinin çıxarılması və onların yerinə Ermənistan sərhədçilərinin yerləşdirilməsi bu planın tərkib hissəsidir. Bununla yanaşı, Ermənistan və ABŞ arasında, xüsusilə Bayden administrasiyası dövründə, sərhədlərin qorunması ilə bağlı müəyyən razılıqlar əldə olunub. Lakin ABŞ hərbçilərinin birbaşa olaraq Ermənistan sərhədlərini qoruyacağı ehtimalı inandırıcı görünmür. Daha çox texniki və logistik dəstək göstərilə bilər. Bununla belə, Tramp administrasiyasının hakimiyyətə gəlməsi fonunda bu prosesin yaxın zamanda həyata keçirilməsi də sual altındadır. Buradan belə nəticə çıxır ki, Ermənistan təkcə Avropa İttifaqının missiyasına deyil, həm də ABŞ-ın sərhəd məsələlərinə cəlb olunmasına çalışır. Bu isə onun gələcəkdəki qeyri-səmimi niyyətlərindən xəbər verir. Çünki artıq Ermənistanda ikinci deyil, hətta üçüncü ölkələrin də hərbi mövcudluğunun genişləndirilməsi istiqamətində addımlar atılır”.
Hərbi ekspert daha sonra bildirib:
“Ermənistanın hərbi-siyasi rəhbərliyi müharibə riskinin olmadığını iddia etsə də, Azərbaycan hər zaman sülh sazişinin əldə olunmasında maraqlı olub və bütün fəaliyyətini bu istiqamətdə qurub. Danışıqlar yolu ilə mövcud problemlərin həllinə üstünlük verilib. Lakin Ermənistan tərəfindən eyni addımlar müşahidə olunmur. Sülh çağırışları edilsə də, praktikada bunun əksi baş verir: ordunun sürətlə silahlandırılması, Fransanın hərbi müşavirlər göndərməsi, ordunun yenidən formalaşdırılması, ehtiyatda olan hərbçilərin müxtəlif vədlərlə xidmətə cəlb olunması bu ölkənin sülh niyyətində olmadığını açıq şəkildə göstərir. Bu günədək Cənubi Qafqaz regionunda müharibə riskini yaradan əsas dövlət məhz Ermənistan olub. Ermənistan öz öhdəliklərini yerinə yetirməli və sülhə doğru real addımlar atmalıdır. Lakin bunun əvəzinə, Azərbaycanla sərhəddə təxribatçı qruplaşmalar yerləşdirilir və sülh prosesini uzatmağa yönəlmiş addımlar atılır. Ermənistan uzun illər boyunca müxtəlif havadarlarına güvənib və onların siyasi, hərbi dəstəyindən yararlanmağa çalışıb. Lakin hazırkı qlobal və regional proseslər fonunda həmin havadarların nə qədər etibarsız və qeyri-sabit olduğu aydın şəkildə görünür. Ermənistan bu reallıqları nəzərə almalı və bölgədə davamlı sülhün təmin olunması üçün ciddi qərarlar qəbul etməlidir. Əks halda, indiyə qədər olduğu kimi, özünü daha böyük təcridə məhkum edəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az