"Bu yanaşma Rusiyanın möhkəmlənməsinə gətirib çıxarır" -Siyasi şərhçi

“ABŞ-ın 1980-ci illərdə Sovetlərə qarşı istifadə etdiyi strategiya ilə hazırkı strategiyasının eyni olduğunu düşünmürəm. Birincisi, məhz Reyqan dönəminin əvvəlində ABŞ Sovetlərə qarşı olduqca aqressiv siyasət yürüdürdü. Hətta Reyqan məşhur çıxışlarının birində Sovetlər Birliyini “Şər imperiyası” adlandırmışdı. O, Sovetlərə qarşı üstünlük əldə etmək üçün “Ulduz Savaşları” adlı yeni konsepsiyanı işə salmışdı. Bu strategiya ABŞ-ın müdafiə imkanlarını daha da gücləndirməsinə əsaslanırdı. Əslində, bu, sərt güc tətbiq etmək idi və məqsəd Sovet iqtisadiyyatını tükəndirmək idi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1988-ci ildə Moskvaya səfəri yenidən gündəmə gəlib. Bu səfərdən cəmi üç il sonra SSRİ-nin dağılması isə xüsusi diqqət çəkir. Həmin dövrdə ABŞ Rusiya ilə ritorikanı yumşaltmış, Reyqan SSRİ lideri Mixail Qorbaçovla mehriban münasibətlər qurmuşdu. Bəzi ekspertlər hesab edir ki, Vaşinqton SSRİ kimi nəhəng imperiyanı – totalitarizmin mərkəzini – məhz yumşaq güc, dialoq və “mehribanlıq” siyasəti ilə çökdürdü. Hazırda ABŞ Prezidenti Donald Tramp da Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrini yaxşılaşdırır. Ukrayna müharibəsində isə Moskvaya ciddi güzəştlər edilir.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-dan geri qalmamaq üçün Sovetlər də hərbi imkanlarını artırmağa çalışdılar ki, bu da sonda onların iqtisadi çöküşünə və nəticə etibarilə Sovet İttifaqının dağılmasına səbəb oldu.

“Lakin bu süqutun təkcə Reyqanın səyləri ilə baş verdiyini iddia etmək doğru deyil. Sovetlər artıq 1988-ci ildən etibarən zəifləmə dövrünə qədəm qoymuşdular və süqut etməsəydilər belə, parçalanmanın astanasında idilər. Digər tərəfdən, Trampın xarici siyasəti fərqli idi. Reyqandan fərqli olaraq, Tramp Rusiyanı əsas hədəf kimi görmürdü. Onun əsas strateji rəqibi birmənalı şəkildə Çin idi. Tramp, hətta Panama kanalı məsələsini belə Çinlə əlaqələndirirdi. Lakin Çini tamamilə mühasirəyə almaq üçün Rusiya ilə münasibətləri normallaşdırmaq lazım idi. ABŞ eyni anda həm Rusiya, həm də Çinlə qarşıdurmaya girmək imkanına malik deyil. Buna görə də Trampın strategiyası Rusiyaya qarşı münasibətləri yumşaldaraq əsas diqqəti Çinə yönəltməkdən ibarət idi. Rusiyanın bu yolla zəiflədiyini düşünmürəm. Əksinə, ABŞ Avropa daxilində və transatlantik əlaqələrdə çatlar yaradaraq, Ukrayna məsələsində Rusiyanın maraqlarına uyğun mövqe sərgiləyərək Moskvanın mövqeyini daha da gücləndirir. Bu yanaşma Rusiyanın parçalanmasına və ya ciddi zəifləməsinə deyil, əksinə, möhkəmlənməsinə gətirib çıxarır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az