- Müşahidə məntəqəsi
- 10 Mart 21:32
- 2 240
"ABŞ-Rusiya danışıqları fonunda Rusiyanın fəallığı artıb" -Hikmət Babaoğlu

“Rusiya-Ukrayna müharibəsinin sona çatması hər iki ölkə üçün artıq həyati əhəmiyyət kəsb edir. Üç illik müharibədən sonra hər iki tərəf başa düşür ki, bu qarşıdurmada heç bir qalib yoxdur. Hətta mövcud şərtlər altında Ukrayna ərazisinin 20 faizi Rusiyanın tərkib hissəsi kimi tanınsa belə, bu, Rusiyanın tam qələbəsi anlamına gəlmir. Bununla belə, şübhəsiz ki, Rusiya müharibənin dayandırılmasını öz qələbəsi kimi təqdim etməyə çalışacaq və gələcək mövqelərini möhkəmləndirmək üçün Avrasiyanın geostrateji regionlarına, o cümlədən Cənubi Qafqaza daha çox diqqət yetirəcəkdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Xatırladaq ki, Rusiya-Ukrayna, daha doğrusu, ABŞ-Rusiya danışıqları fonunda bir məsələ də gündəmə gəlib. Narahatlıqla vurğulanan məqamlardan biri odur ki, Ukrayna ilə atəşkəsdən sonra başı açılan Rusiyanın yenidən üzünü döndərəcəyi ilk bölgə Cənubi Qafqaz olacaq. Moskvanın Qərbə meyl edən İrəvan hökuməti üzərində təzyiqini artıracağı, proseslərə birbaşa müdaxilə edəcəyi iddia olunur. Son günlərdə Ermənistanda revanşistlərin, keçmiş klan təmsilçilərinin aktivləşməsi də müşahidə olunmaqdadır.
Deputat qeyd edib ki, ABŞ-Rusiya münasibətlərində mümkün dəyişikliklər fonunda Rusiyanın fəallığının artdığı müşahidə olunur.
“Bu fəallıq həm hərbi, siyasi, həm də diplomatik müstəvidə özünü büruzə verir. Rusiya diplomatiyasının əsas hədəflərindən biri Cənubi Qafqaz olacaqdır. Bu prosesin ilkin əlamətləri artıq görünməkdədir: Ermənistanda radikal qüvvələrin fəallaşması, təşkilatlanmağa doğru addımlar atmaları, bəyanatlar səsləndirmələri və xüsusilə, Robert Köçəryanın “Qarabağ ermənilərinin qayıdışı ilə bağlı yeganə hüquqi sənəd üçtərəfli bəyanatdır” fikrini irəli sürməsi bu narahatlıqları daha da artırır. Radikalların Ermənistanda yenidən güclənməsi üçün müəyyən şəraitin formalaşması göz qabağındadır. Lakin Rusiya üçün ən radikal seçim keçmişdə “istifadə olunmuş” fiqurları, məsələn, Serj Sarkisyanı və ya onun komandasında olanları yenidən siyasətə qaytarmaq olardı ki, bu, o qədər də asan deyil. Daha çox ehtimal olunan ssenari isə Rusiyanın Paşinyana təzyiq edərək ondan müəyyən güzəştlər qoparmaq cəhdləridir. Çünki üçtərəfli bəyanata imza atan tərəflərdən biri də məhz Paşinyandır və Rusiya onun hakimiyyətdə qalması müqabilində öhdəliklərini yerinə yetirməsini tələb edəcəkdir. Bütün bu proseslər fonunda Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcəkdir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi Rusiyanın Ermənistana təsir imkanlarını yenidən bərpa etməsinə mane olacaqdır. Buna görə də Rusiya növbəti addımlarını atarkən bu reallıqları nəzərə almağa məcbur olacaqdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az