"Ermənistanın başqa alternativi yoxdur" -AÇIQLAMA

“Rusiya tərəfinin bu açıqlamanı indiki məqamda verməsi təsadüfi deyil. Çünki Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklər baş verdi və eyni zamanda Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar dünya siyasətinə təsir göstərdi. Xüsusilə Tramp və Avropa İttifaqı arasında, eləcə də ABŞ və Aİ arasındakı ziddiyyətlər daha da dərinləşdi. Gələcəkdə bu gərginliyin daha da artacağı ehtimalı yüksəkdir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin son açıqlaması diqqət çəkib. Belə ki, o, Azərbaycanın Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anladığını və Moskvanın Bakının gələcək addımlarında bunu rəhbər tutacağını gözlədiyini bildirib. Türkiyə mediasının yaydığı məlumata görə, “Sputnik”in və “Rus evi”nin bağlanmasına qarşılıq olaraq Moskva Novorossiysk neft kəmərinin bağlanması variantını müzakirə edir. Lakin rəsmilər bu addımın Bakıya böyük təsir etməyəcəyini vurğulayıblar.

Siyasi şərhçi bildirib ki, ABŞ-ın bölgə ilə bağlı siyasəti isə Ermənistan üçün arzuolunan olmaya bilər.

“Bunun ehtimalı böyükdür. Baxmayaraq ki, Tramp hakimiyyəti dövründə erməni lobbisi ilə yaxın şəxslər mövcud olub, ABŞ-ın strateji maraqları prioritet təşkil edir. Bu da onu göstərir ki, Bayden hakimiyyəti dönəmində Ermənistana verilən dəstək Tramp hakimiyyəti dövründə tam şəkildə davam etdirilməyəcək. Məhz bu narahatlıq səbəbindən Paşinyan ABŞ-a səfər etdi, lakin gözlənildiyi kimi, səfər uğursuz alındı. Paşinyan hökumətinə ən güclü dəstək verən ölkə Fransadır. Fransa, Avropa İttifaqının liderlərindən biri kimi, hazırda Aİ-nin təhlükəsizliyi ilə bağlı ciddi problemlərin həlli istiqamətində addımlar atır. Hazırkı mərhələdə Avropa İttifaqının əsas prioriteti Trampın təzyiqlərinə boyun əyib-əyməməsi və bu təzyiqlərə nə qədər davam gətirə biləcəyi ilə bağlıdır. Bu isə onu deməyə əsas verir ki, artıq Ermənistan məsələsi Fransa üçün prioritet deyil. Çünki Fransanın özünün həll edilməli olan ciddi problemləri var. Belə olan halda, Ermənistanın Rusiya ilə bağlı siyasətinə yenidən baxması rəsmi İrəvan üçün aktuallaşır. Buna görə də hesab etmək olar ki, gələcəkdə Ermənistan Rusiya ilə münasibətlərində müəyyən dəyişikliklər edəcək. Rusiya tərəfinin indiki məqamda bu cür açıqlamalarla çıxış etməsi də bir növ Ermənistana təzyiq xarakteri daşıyır və böyük ehtimalla İrəvana verilən mesajdır. Çox güman ki, İrəvan Moskva ilə münasibətlərini yumşaltmağa çalışacaq. Çünki baş verən geosiyasi proseslər fonunda Ermənistanın başqa alternativi yoxdur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az