ABŞ imperializminə qarşı çıxan LİDER , yoxsa çarəsiz PREZİDENT ?

“Amerika ilə Ukrayna arasında dünən Ciddədə keçirilən görüş, şübhəsiz ki, bütün dünyanın diqqət mərkəzində idi. Bunun əsas səbəbi, 28 fevralda Vaşinqtonda Oval kabinetdə baş verən Tramp-Zelenski mübahisəsi və Donald Trampın həmin görüşdən sonra verdiyi açıqlamalardır. Açıqlamalarında Amerikanın Ukraynaya hərbi dəstəyi və kəşfiyyat dəstəyini dayandırması kimi məsələlər ciddi rezonans doğurdu. Ukrayna, Rusiyanın qarşısında üç ildən bəri müqavimət göstərsə də, kifayət qədər ağır vəziyyətdədir və potensialların qeyri-bərabər olduğunu nəzərə alaraq, Ukraynanın hazırkı vəziyyətdə mümkün qədər az itki ilə vəziyyətdən çıxmaq və atəşkəsə nail olmaq üçün həm zamana, həm də dəstəyə ehtiyacı var. Bu baxımdan, hesab edirəm ki, Ukrayna tərəfi dünənki görüşdə öz istəklərini ortaya qoyaraq müəyyən bir nəticəyə gəlib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Qeyd edək ki, ABŞ və Ukrayna prezidentləri arasında fevralın 28-də Ağ Evdə baş tutan gərgin görüşdə Ukrayna lideri Volodimir Zelenski, ABŞ-ın irəli sürdüyü təbii ehtiyatlarla bağlı sazişin imzalanmasına qarşı çıxmışdı. Eləcə də müharibə mövzusunda və Ukraynanın gələcəyi ilə bağlı fikir ayrılıqları yaranmışdı. Həmin görüşdə Donald Trampın aqressiv rəftarı isə dünyanı şoka salmışdı. Bu hadisədən sonra Zelenski, yerli və xarici mediada ABŞ imperializminə qarşı duran lider kimi təqdim olunmuşdu. Lakin son məlumatlara görə, ABŞ və Ukrayna prezidentləri faydalı qazıntılarla bağlı sazişin tezliklə imzalanması barədə razılığa gəliblər.

Politoloq bildirib ki, 28 fevralda baş verən hadisələr isə emosional dəyərləndirmələrdən daha çox, praktiki maraqların müdafiə olunduğu bir vəziyyət idi.

“Zelenski, üç ildən bəri işğala qarşı mübarizə aparan bir dövlətin başçısı olaraq, çətin anlar yaşamış və bu, şübhəsiz ki, onun psixoloji durumuna təsir edib. Onun davranışlarında və sifət cizgilərində bu təsirləri görmək mümkündür. Hesab etmirəm ki, 28 fevralda hansısa teatr qurulmuşdu; tərəflər öz maraqlarını müdafiə etməyə çalışırdılar. Zelenski, Amerika tərəfinin istəklərini yerinə yetirmək qarşılığında Ukraynanın təhlükəsizlik təminatlarını istəyirdi. Bu, əsasən NATO üzvlüyü və ya Amerikanın dolayısıyla təminat verməsini nəzərdə tuturdu. Amerika tərəfi, xüsusilə də Donald Tramp, fərqli mövqelər sərgiləməkdə idi. Trampın davranışları əvvəlcədən proqnozlaşdırıla bilməzdi, çünki bir mövqe irəli sürsə də, sonrakı dövrlərdə mövqeyini dəyişə bilərdi. Bütün bunları nəzərə alaraq, məsələyə baxışda bu amil də önəmlidir. Bütün hallarda, dünənki atəşkəslə bağlı anlaşma Ukrayna üçün əslində daha məqbul variantdır. Çünki Ukrayna, ən azı müəyyən müddət üçün olsa da, Trampın narazılıqlarını aradan qaldırdı və özünü konstruktiv tərəf kimi təqdim edə bildi. Artıq Amerikadan verilən reaksiyalarda bunu görməkdəyik. Təbii ki, Amerika dünyanın hegemon dövləti olaraq, öz maraqlarını digər tərəflərə qəbul etdirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Hal-hazırda Donald Trampın rəhbərliyi altında Amerika daha çox güc və təzyiq vasitələrindən istifadə etməklə buna nail olmaq istəyir. Bu baxımdan, Ukraynanın və onun rəhbərinin davranışlarına bəzi haqsız fikirlər irəli sürülməsi məni narahat edir. Çünki məsələlərə real şərtlər daxilində yanaşmaq lazımdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zəiflədilmiş bir Ukrayna üç ildən bəri xarici dəstək alıb, amma bu dəstəyin nə dərəcədə vaxtında və yetərli olduğu sual altındadır. Əslində, Ukraynaya lazım olan dəstək zamanında verilmiş olsaydı, bəlkə də biz hazırda Rusiya-Ukrayna müharibəsində fərqli mənzərə ilə qarşılaşardıq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az