Qlobal sabitliyə təhdidlər... Üçüncü Dünya Müharibəsi ola bilərmi?

“Hazırda beynəlxalq münasibətlər sistemi ciddi bir böhranla üzləşməkdədir. Çünki yeni dünya düzəni formalaşmaqdadır, lakin hələ tam formalaşmayıb. Bunun baş verməsi üçün, bəlkə də, böyük müharibələr və münaqişələr yaşana bilər. Tarix boyu baş vermiş böyük müharibələrdən sonra dünya düzənini nizamlayacaq sistemlər qurulmuşdur. Məsələn, 30 illik müharibədən sonra Vestfal sistemi, Napoleon müharibələrindən sonra Vyana sistemi, Birinci Dünya müharibəsindən sonra Versal və Vaşinqton sistemləri, İkinci Dünya müharibəsindən sonra isə Yalta-Potsdam sistemi formalaşmışdır. Lakin Soyuq müharibədən sonra belə bir sistem yaranmadı. Bu boşluğun mövcudluğu, eyni zamanda, İkinci Dünya müharibəsinin qalıqları olan beynəlxalq təşkilatların qeyri-effektiv fəaliyyəti dünyada baş verən müharibə və münaqişələrin geniş yayılmasının əsas səbəblərindən biridir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, son zamanlarda müşahidə olunan proseslər fonunda, 80 ilə yaxın bir müddət ərzində dünyanın siyasi və hərbi münasibətlər sistemində vacib rol oynayan beynəlxalq qurumların mövcud şərtlərə cavab vermədiyi və özünü doğrultmadığı barədə fikirlər səsləndirilir. İkinci Dünya müharibəsindən sonra yaradılan BMT, NATO, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər təşkilatların funksionallığını itirdiyi bildirilir. Xüsusilə ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra NATO və BMT-nin əvvəlki təsir gücünə malik olmadığına dair müzakirələr daha da aktuallaşıb.

Siyasi şərhçi qeyd edib ki, bugünkü dünya müəyyən mənada İki Dünya müharibəsi arasındakı dövrə, xüsusilə 1930-cu illərə bənzəyir.

“Həmin dövrdə beynəlxalq sistemin əsas qurumu olan Millətlər Liqası qeyri-effektiv fəaliyyət göstərirdi. ABŞ həmin quruma üzv olmadı, baxmayaraq ki, bu ideyanı ABŞ Prezidenti Vudro Vilson irəli sürmüşdü. Millətlər Liqası İtaliyanın Həbəşistanı, Yaponiyanın isə Mancuriyanı işğal etməsinə göz yumdu. Bu, çox təhlükəli bir presedent yaratdı və digər dövlətlərdə də işğalçılıq niyyətlərini artırdı. Nəticədə, 1939-cu ildə Almaniyanın Polşanı işğal etməsi İkinci Dünya müharibəsinin başlanmasına gətirib çıxardı. Bu gün də oxşar ssenarilərin şahidi oluruq. BMT başda olmaqla beynəlxalq qurumlar münaqişə və müharibələrin həllində effektiv rol oynaya bilmirlər. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginliklər və digər dövlətlərin aqressiv ritorikası göstərir ki, beynəlxalq qurumlarda ciddi islahatlar aparılmalıdır. Hətta bəlkə də, yeni bir beynəlxalq qurum yaradılmalıdır ki, dünya düzəninin sabitliyini və təhlükəsizliyini təmin edə bilsin. Hazırda fəaliyyət göstərən beynəlxalq təşkilatlar – nə Avropa Şurası, nə ATƏT, nə də BMT – öz funksiyalarını yetərincə yerinə yetirə bilmirlər. NATO-ya gəldikdə isə, bu, hərbi bir qurumdur. Lakin əgər ABŞ NATO-dan çıxarsa (belə bir təhdid var), bu, alyansın işləkliyini ciddi şəkildə sual altına qoyacaq. Belə olan halda beynəlxalq münasibətlər sistemində xaos və anarxiya daha da dərinləşə bilər ki, bu da dövlətlərarası müharibələrin və hətta yeni bir dünya müharibəsinin başlanmasına zəmin yarada bilər”.

Siyasi şərhçi daha sonra bildirib ki, beynəlxalq münasibətlər nəzəriyyəsində realizm məktəbi mövcuddur:

“Realistlərə görə, beynəlxalq təşkilatlar dövlətlər tərəfindən, onların maraqlarını təmin etmək üçün yaradılıb. Yəni, əgər beynəlxalq təşkilatın siyasəti dövlətlərin maraqları ilə üst-üstə düşməzsə, həmin dövlətlər bu qurumlardan çıxırlar. Məsələn, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını buna misal göstərə bilərik. Eyni zamanda, realistlər hesab edirlər ki, böyük güclər beynəlxalq təşkilatların qayda-qanunlarına məhəl qoymurlar. ABŞ-ın 2003-cü ildə Əfqanıstana və İraqa hərbi müdaxiləsi, 1999-cu ildə Yuqoslaviyanın bombalanması, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücum başlatması bu fikri təsdiqləyən nümunələrdir. Yəni, realistlərə görə, beynəlxalq siyasətdə əsas aktorlar dövlətlərdir. Beynəlxalq təşkilatlar isə yalnız müəyyən dəyərlərin və ideyaların yayılmasına töhfə verə bilərlər. Onlar iqtisadi və ticari əlaqələrin inkişafında müəyyən rol oynasalar da, dövlətlərin xarici siyasətinə effektiv şəkildə təsir göstərə bilmirlər. Hazırkı dünya siyasətinə nəzər yetirsək, görərik ki, beynəlxalq qurumlar dövlətləri nizamlamaqda kifayət qədər təsirli deyil. Bu isə qlobal sabitlik üçün ciddi risklər yaradır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az