- Müşahidə məntəqəsi
- 17 Mart 20:55
- 2 824
Paşinyanın perspektivi olmayan "TELEFON DİPLOMATİYASI"

“Nikol Paşinyanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətninin yekunlaşmasından sonra Rusiya və İran prezidentlərinə telefon zəngi etməsi xüsusi bir məna daşıyır. Lakin Emmanuel Makrona edilən zəngin fərqli bir məqsədlə həyata keçirildiyi şübhəsizdir. Ermənistan, bu proseslə bağlı Rusiya və İranı məlumatlandırmaqla region dövlətlərinin sülh prosesində iştirakını dolayısıyla təsdiqləməyə cəhd göstərir. Bu, Ermənistanın regional əməkdaşlığa sadiqliyini ifadə etmək niyyəti daşıya bilər. Bununla yanaşı, Ermənistan müxalifəti və əhalinin bir hissəsi Paşinyan hakimiyyətini Rusiya ilə münasibətlərin pozulmasında ittiham edir. Onlar hesab edirlər ki, bu gərginlik indiki geosiyasi reallıqlar fonunda Ermənistan üçün ciddi fəsadlar doğura bilər. Bu vəziyyət Ermənistan siyasi rəhbərliyi tərəfindən həm də Moskvanın mesajı kimi qəbul edilir. Bu baxımdan, atılan addım daha çox manevr xarakteri daşıyır. İranla bağlı vəziyyət isə daha aydındır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Xatırladaq ki, Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsi üzərində işlərin tamamlanmasından sonra Vladimir Putin, Emmanuel Makron və Məsud Pezeşkiana zəng edərək onları bu barədə məlumatlandırıb.
Deputat qeyd edib ki, Ermənistan müxalifəti iki ölkə arasında münasibətlərin gərginləşdiyini iddia etsə də, faktlar bunu təsdiqləmir.
“Əksinə, işğal dövründə və sonrakı illərdə İran-Ermənistan əlaqələri davamlı şəkildə inkişaf edib. Ermənistan hakimiyyəti özünün regiondakı ənənəvi müttəfiqlərindən biri olan İranla əlaqələrini qorumağa və bu münasibətlər çərçivəsində öz mövqeyini möhkəmləndirməyə çalışır. Makrona edilən zəng isə şübhəsiz ki, Fransanın regiondakı rolunu ön plana çıxarmaq məqsədi daşıyır. Buna baxmayaraq, bütün cəhdlərə rəğmən, Fransanın Cənubi Qafqazda mövcudluğu yalnız Ermənistan siyasi hakimiyyətinin addımları vasitəsilə hiss olunur. Fransanın Ermənistana vəd etdiyi sərmayələrin hələ də reallaşmadığı açıq-aşkardır. Məsələn, Rusiya Dəmir Yollarının bir hissəsinin Fransanın idarəçiliyinə verilməsi və ya Zvartnots hava limanına yeni dəmir yolu çəkilməsi ilə bağlı bəyanatlar verilsə də, bunların heç biri icra olunmayıb. Eyni zamanda, Paşinyanın sülh layihəsinin Fransa tərəfindən maliyyələşdiriləcəyi ilə bağlı fikirlər səslənsə də, bu istiqamətdə də heç bir real addım atılmayıb. Bütün bunlara baxmayaraq, Fransanın Ermənistanın əsas siyasi dəstəkçisi olduğunu nəzərə alan Nikol Paşinyan, sülh prosesində Parisin rolunu gücləndirmək üçün cəhd göstərir. Ermənistanın baxışına görə, sülh müqaviləsinin həyata keçirilməsinə təminat verə biləcək ölkələr Rusiya, İran və Fransadır. Halbuki, Ermənistan hökuməti Türkiyə ilə bağlı müsbət mesajlar versə də, Paşinyan Ankaraya telefon zəngi etməyi lazım bilməyib. Bunun əsas səbəbi isə Türkiyənin Azərbaycanın strateji müttəfiqi olmasıdır. Üstəlik, Ankara bu proseslərin birbaşa iştirakçısı olduğu üçün Ermənistan tərəfindən əlavə məlumatlandırmaya ehtiyac qalmır. Bununla belə, regional balansı qorumaq naminə belə bir addımın atılması Ermənistan üçün faydalı ola bilərdi. Lakin görünən odur ki, Paşinyan öz baxış bucağına uyğun olaraq bölgədə sülhə təminat verəcək ölkələrin dairəsini məhdudlaşdırmağa çalışır. Bu isə perspektivi olmayan bir yanaşma kimi qiymətləndirilə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az