- Müşahidə məntəqəsi
- 18 Mart 22:07
- 1 781
"Azərbaycan erməni separatizmi və terrorunun kökünü kəsib" -Elməddin Behbud

“2020-ci ildə Azərbaycanın güc yolu ilə torpaqlarını Ermənistanın işğalından azad etməsi eyni zamanda beynəlxalq hüququn tapdanmış norma və prinsiplərinin bərpası kimi qəbul edilməlidir. Azərbaycan, 30 ilə yaxın müddətdə işğalçılığı öz dövlət siyasətinin ayrılmaz hissəsinə çevirmiş Ermənistana qarşı qazandığı böyük zəfərlə erməni faşizminə sarsıdıcı zərbə vurdu. Lakin 44 günlük Vətən müharibəsindən ötən üç il ərzində Ermənistan məğlubiyyətindən yetərli nəticə çıxarmadı və separatizmi dəstəkləməyə davam etdi”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elməddin Behbud deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. İrəvan hökuməti sənədin imzalanma vaxtı və yerini Bakı ilə müzakirə etməyə hazır olduğunu bəyan edib. Bununla belə, Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə zidd müddəalar qalmaqdadır. Bu isə İrəvanın yenidən qeyri-konstruktiv mövqe tutmaq ehtimalını gündəmdə saxlayır.
Siyasi şərhçi bildirib ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı ölkəmizin bütün ərazisində suverenliyimizin tam təmin olunmasını təmin etdi və, obrazlı desək, erməni terroru və separatizminin kökünü kəsdi.
“Zəfərdən sonra qalıcı sülhün əldə olunması üçün Azərbaycan Ermənistan qarşısında beş əsas prinsip irəli sürdü. Bu prinsiplər tamamilə ədalətli olmaqla yanaşı, regional təhlükəsizliyin formalaşdırılması üçün də vacib idi. Sülh sazişi üzrə aparılan danışıqların mətninin tam detalları bəlli olmasa da, sənəd üzərində işin başa çatdırılması ümumilikdə keçmiş işğalçı ölkənin Azərbaycanın şərtlərini qəbul etdiyini göstərir. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar edilməsi üçün hüquqi və siyasi müstəvidə ərazi iddialarının tam aradan qaldırılması vacibdir. Bu baxımdan, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü təhdid edən müddəaların olması qəbuledilməzdir. Rəsmi Bakı bu məsələdə prinsipal mövqeyini dəfələrlə İrəvana xatırladıb. Təəssüflər olsun ki, həm daxili siyasi manipulyasiya, həm də xarici qüvvələrin təhriki ilə Ermənistan sürətlə silahlanma və gizli revanşist siyasət yürütməyə davam edir. Ermənistanın dövlət büdcəsi ilə qeyri-mütənasib olan böyük məbləğdə vəsait hesabına silah alış-verişi aparması, Azərbaycanla şərti sərhəddə hücum xarakterli mühəndis-istehkam qurğuları tikməsi onun yeni eskalasiyaya hazırlaşdığını göstərir. Hakimiyyətdə kimin olması və hansı siyasi qüvvənin təmayülünə malik olmasından asılı olmayaraq, Ermənistanın revanşist əməllərinin qarşısını almaq üçün ən effektiv addım qabaqlayıcı zərbələrin endirilməsidir. Təcrübə göstərir ki, yalnız preventiv tədbirlər Ermənistanı qeyri-konstruktiv addımlardan çəkindirmək iqtidarındadır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az