- Müşahidə məntəqəsi
- 19 Mart 22:22
- 1 198
"Ermənistana hərbi dəstək vermək, müharibəni yenidən alovlandıra bilər" -Millət vəkili

“Bölgədəki qüvvələr nisbətinə təsir etmək üçün Ermənistanı silahlandırmaq heç bir dövlətə, hətta Fransaya da nəsib olmayacaq. Avropa və digər destruktiv qüvvələr bilməlidir ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusu ondan 10 dəfə güclüdür. Əgər müharibə baş versə, Azərbaycan yenə də Ermənistana öz sözünü deyə bilər. Bunu İrəvan da yaxşı bilir ki, Ermənistan nəticə etibarilə məğlub olacaq. Avropa İttifaqının və Fransanın bu siyasəti Azərbaycanla münasibətlərə də təsir edir. Avropa İttifaqı Azərbaycanla sözdə əməkdaşlığa maraqlıdır. Qaz nəql edirik, yaşıl enerjinin nəqli sahəsində əməkdaşlıq intensivləşir. Əslində, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlı olmalıdır”.
Bu fikirləri AzNews.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, dünyada baş verən hadisələr, o cümlədən Fransa da daxil olmaqla, terroru və işğalı təşviq edən dövlətlər üçün dərs olmalıdır: “Ermənistana hərbi dəstək vermək və maliyyə ayırmaq Cənubi Qafqazda yeni müharibəni alovlandıra bilər”.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında ziddiyyətli proseslər cərəyan edir. Bir müddət əvvəl Bakı və İrəvan sülh sazişi layihəsi üzərində danışıqların yekunlaşdığını açıqladı. Bu, tezliklə sülh müqaviləsinin imzalanacağına dair gözləntiləri artırmışdı. Lakin son günlər Ermənistan ordusu şərti sərhəddə atəşkəsi mütəmadi olaraq pozaraq sülh danışıqlarını faktiki olaraq axmağa məcbur edir.
“Fransa anti-Azərbaycan mövqeyindədir, amma Avropa İttifaqı onun beynəlxalq qanunlarla uzlaşmayan səhv addımlarını təkrarlamamalıdır. Əks təqdirdə, bölgəmizdə müharibə riski artacaq. Fransanın məqsədi Ermənistanı Azərbaycan və Rusiya ilə qarşıdurmaya həvəsləndirməkdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın bu addımlarından cəsarətlənən Ermənistan əvvəlki kimi hərbi təxribatları davam etdirə bilər. Bu məqamda Prezident İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşər: “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.” Avropa İttifaqının rəsmi məlumatında bildirilir ki, Avropa Sülh Fondundan ayrılan yardım Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyır. Dəstək paketi həmçinin Ermənistanın mümkün əməliyyatlarda iştirakı halında onunla Avropa İttifaqının bu ölkədə yerləşdirilmiş missiyası arasında qarşılıqlı fəaliyyəti sürətləndirmək və Ermənistanın dayanıqlılığını artırmaq məqsədinə xidmət edir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az