- Müşahidə məntəqəsi
- 25 Mart 18:32
- 3 656
"Sülhün ləngiməsinə səbəb Ermənistanın Konstitusiyasına dəyişiklik etməməsidir" -Şəhla Cəlilzadə

“Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün vacib məsələ olaraq qalır və bu mövzuda rəsmi mövqe dəyişməzdir. Cənab Prezidentin dediyi kimi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Doğrudur, Azərbaycan Ermənistanla sülhün şərtləri arasından Zəngəzur dəhlizinin açılması məsələsini çıxarıb. Lakin bu, Azərbaycanın bunda maraqlı olmadığı anlamına gəlmir. Dəhlizin açılması gələcək sülh müqaviləsi çərçivəsində əlavə protokollarla razılaşdırıla bilər və ehtimal ki, belə də olacaqdır. Bu baxımdan, sülh prosesini ləngidən qüvvələrin dəhlizin açılmasında maraqlı olmadığını qeyd etmək olar”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması məsələsi ətrafında mürəkkəb vəziyyət yaranıb. Dəhliz, 10 noyabr bəyanatının müvafiq bəndinə uyğun olaraq açılmalıdır. Lakin region ölkələri – İran və Türkiyə bu məsələyə tam razılıq vermir. ABŞ və Avropa İttifaqı isə Rusiyanın dəhlizə nəzarət etməsi ehtimalını qəbul etmir.
Siyasi şərhçi bildirib ki, hazırda sülh prosesini ləngidən əsas məsələlərdən biri Ermənistanın öz Konstitusiyasına dəyişiklik etməməsidir.
“Lakin bu istiqamətdə müsbət mesajlar var. Paşinyan bu dəyişikliyin 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə paralel baş verəcəyini bəyan edib. Bundan sonra sülh müqaviləsi imzalana bilər. O vaxta qədər isə Zəngəzurda inşaat-hazırlıq işləri davam edəcək. Məsələn, Şərqi Zəngəzurda aparılan inşaat işlərinə nəzər salsaq, 2024-cü ilin yanvarında Horadiz-Ağbənd dəmir yolu xətti 45% hazır idisə, bu ilin yanvarına olan məlumata görə artıq 62% tamamlanıb. Naxçıvan istiqamətində də yolların yenilənməsi işləri aparılır. Yəni hazırlıq prosesinin müəyyən vaxt tələb etdiyi aydındır. Zəngəzur dəhlizinin açılmasına mane olan amillər arasında İranın bölgədə təsir imkanlarının azalması qorxusu və Qərbin Rusiyanın nəzarət imkanlarından çəkinməsi kimi faktorlar var. Çünki bu yolun açılması qlobal nəqliyyat və logistika sisteminin tamamilə yenilənməsi demək olacaq. Bu narahatlıqlar yeni geosiyasi konfiqurasiyanın qlobal güclərin maraqlarına uyğun olub-olmaması ilə bağlıdır. Bu fonda bəzi qüvvələr Türkiyənin müvəqqəti keçid üçün Ermənistana sərhəd qapısını açmasını Zəngəzur dəhlizindən imtina kimi təqdim etməyə çalışırlar. Lakin bu, reallığı əks etdirmir”.
Siyasi şərhçi sonda əlavə edib ki, Zəngəzur dəhlizinin açılması Türkiyə üçün də strateji əhəmiyyət daşıyır :
“Necə ki, Ermənistan Suriyaya humanitar yardım adı ilə Türkiyə ilə Marqara sərhəd keçidindən istifadə etməyə nail olub, eləcə də Azərbaycan “yumşaq güc” alətlərindən faydalana bilər. Hazırda Suriyada yenidənqurma prosesində iştirak etmək istəyən Azərbaycan, bu ölkəyə humanitar yardım göndərmək üçün konvoylarının Ermənistan ərazisindən keçməsi üçün müraciət edə bilər. Bu işdə Türkiyənin dəstəyinin alınması Ermənistana əlavə təsir vasitəsi ola bilər. Beləliklə, humanitar sərhəd keçidi üzrə əməkdaşlıq Cənubi Qafqazda gələcək sülhün və davamlı keçidin təmin olunmasının ilkin xəbərçisi ola bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az