"ABŞ Ukraynaya dəstəyini dayandıra bilər..." -AÇIQLAMA

“Səudiyyə Ərəbistanı, xüsusilə Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra, Rusiya-Ukrayna danışıqları üçün əsas məkanlardan birinə çevrildi. Bu baxımdan, Səudiyyə Ərəbistanının həm ABŞ, həm də Rusiya və Ukrayna ilə normal münasibətləri var. Bu kontekstdə o, neytral ölkə kimi seçilib və ehtimal ki, bundan sonra da onun iştirakı ilə danışıqlar davam edə bilər. O ki qaldı digər tərəfə, hazırda Ukraynanın müdafiə strategiyası qeyri-müəyyənlik içindədir və xeyli dərəcədə ABŞ-dan asılı vəziyyətdədir. Əgər həm Rusiya, həm də Ukrayna danışıqlara razı olarsa, ABŞ-ın əlavə yardımı tələb oluna bilər. Lakin görünən odur ki, bu hələlik mümkün deyil. ABŞ, Ukraynaya dəstəyi rəsmi Kiyevə təsir vasitəsi kimi saxlayır və eyni zamanda onu bir növ “tələ”yə qoyulmuş imtiyaz kimi təqdim edir. Əsas məsələ isə məhz bu dəstəyin ətrafında cəmlənir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Təxminən iki saat davam edən görüşün ardından Ukrayna nümayəndə heyəti, müdafiə naziri Rüstəm Umerovun rəhbərliyi ilə danışıqlar zalını tərk edib. Görüşdə Umerovla yanaşı, prezident administrasiyası rəhbərinin müavini Pavel Palisa da iştirak edib. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Anton, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun köməkçiləri daxil olub.

Siyasi şərhçi bildirib ki, əgər Ukrayna ABŞ-ın maraqlarına zidd addımlar atarsa və Vaşinqtonun vasitəçiliyini qəbul etmədiyini bəyan edərsə, ABŞ dəstəyi dayandıra bilər.

“Bunun bir nümunəsini artıq müşahidə etdik. Tramp Ağ Evdə Zelenski ilə görüşdükdən sonra bildirdi ki, “Zelenski hələ sülhə hazır deyil, hazır olanda qayıdacaq.” Bu ifadənin diplomatik mənası ondan ibarətdir ki, Tramp Zelenskini yenidən Ağ Evə qayıtmağa məcbur edəcək. Bunu hansı formada edəcək? Dəstəyi dayandıraraq – və elə də etdi. Lakin sonradan Ukrayna tərəfindən müəyyən müsbət mesajlar verildi, hətta Ukraynada təbii sərvətlərin hasilatına dair sazişlərin imzalanması ilə bağlı müzakirələr aparıldı. Əgər Kiyev Moskvanın maraqlarına uyğun kompromislərə getməyə hazır olarsa, ABŞ da dəstəyini artıra bilər. Bu dəstək isə təkcə Ukraynaya deyil, həm də ABŞ-ın öz maraqlarına xidmət edir. Tramp çalışır ki, sülh sazişi imzalansın, amma müharibə də davam etsin. Bu, Ukraynanın bəzi işğal altındakı ərazilərini geri qaytarması və ABŞ-ın bölgədə daha böyük təsir imkanlarına sahib olması üçün bir strategiya ola bilər. Bundan sonra isə ABŞ, Ukraynada yeni bir siyasi lideri hakimiyyətə gətirərək müharibəni davam etdirə və daha çox torpağın geri qaytarılmasını hədəfləyə bilər. Nəticədə, həmin ərazilərin strateji və iqtisadi dəyəri ABŞ-ın maraqlarına uyğun şəkildə bölüşdürülə bilər. Hazırda ABŞ üçün əsas prioritetlərdən biri Ukraynanın təbii sərvətləri və əraziləridir. Bu səbəbdən dəstəyin davam edib-etməməsi Ukraynanın mövqeyindən asılı olacaq. Lakin bütün hallarda görünən odur ki, Ukraynanın tam qələbəsindən danışmaq artıq mümkün deyil”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az