"Bütün bu amillər Türkiyənin gələcəyinə ciddi təsir göstərəcək" -Sultan Zahidov

“Tarixin təkrarlanıb-təkrarlanmayacağını demək çətindir. Çünki Ərdoğan həbs olunanda Türkiyədəki vəziyyət və beynəlxalq kontekst fərqli idi. O zaman ölkədə daxili sabitlik yox idi, mərkəzi hakimiyyət kifayət qədər zəif idi. Yenicə çevriliş – postmodern darbə baş vermişdi. 1997-ci ildə mərkəzi hökumət vahid siyasət yürüdə bilmirdi. Dövlət daxilində ciddi təbəqələşmə və fraqmentasiya var idi. Bir tərəfdə hərbi qanad, digər tərəfdə dini qruplar və siyasi partiyalar arasında parçalanma müşahidə olunurdu. Üstəlik, beynəlxalq mühit də indiki kimi deyildi. Bu gün isə Türkiyənin xarici siyasətinin kifayət qədər uğurlu nəticələr verdiyini görürük”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması və baş verən son hadisələr fonunda bir çox şərhçilər tarixin təkrarlanmasından bəhs edir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğu dövrdə bir müddət həbs həyatı yaşamışdı və bu hadisə onun siyasi karyerasında mühüm təkan olmuşdu. Buna əsaslanaraq, əksər şərhçilər bildirir ki, Əkrəm İmamoğlunun hazırkı həbsinin onun siyasi karyerasına müsbət təsir edəcəyini gözləyirlər.

Siyasi şərhçi qeyd edib ki, ölkə həm Yaxın Şərqdə, həm də qlobal siyasətdə aparıcı rollardan birini tutur.

“Ən böyük problemlərindən biri olan Suriya və YPG məsələlərinin həlli istiqamətində ciddi addımlar atır. Bu proseslər Türkiyə daxilində Ərdoğan və onun partiyasına qarşı simpatiyanı artıran amillərdəndir. Bununla belə, Türkiyədə parçalanma hələ də mövcuddur. AK Partiya əleyhdarlarının sayı kifayət qədər çoxdur. Buna görə də 90-cı illərdəki vəziyyətlə indiki dövrü eyni hesab etmək olmaz və tarixin təkrarlanacağına dair qəti proqnoz vermək çətindir. Hər şeydən əvvəl, məhkəmə qərarlarının necə olacağı və həbs proseslərinin hansı miqyasda gerçəkləşəcəyi bəlli deyil. Bundan əlavə, 2028-ci il seçkilərində AK Partiyanın aqibətinin necə olacağı, hakimiyyətdə qala bilib-bilməyəcəyi də həlledici faktorlardandır. Bütün bu amillər həm Türkiyənin, həm də CHP-nin gələcəyinə ciddi təsir göstərəcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az