- Müşahidə məntəqəsi
- 30 Mart 14:30
- 4 253
"Bu Trampın xarici siyasət konsepsiyasının əsası kimi görünür"

“İbrahim razılaşmaları mahiyyət etibarilə Ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin normallaşmasını nəzərdə tutur. Fələstin məsələsinə görə uzun illər İsraillə əməkdaşlıqdan imtina edən, hətta Kemp-Devid sazişinə görə Misiri Ərəb Liqasından çıxararaq xain elan edən ərəb dövlətləri Trampın birinci prezidentliyi dövründə onun təşəbbüsü ilə İsraillə münasibətlərin normallaşmasına razı oldular. İlk mərhələdə BƏƏ və Bəhreyn, daha sonra isə Sudan və Mərakeş İbrahim razılaşmaları çərçivəsində İsraillə əlaqələri normallaşdırdıqlarını bəyan etdilər. ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirilən ənənəvi iftar yeməyində iştirakı zamanı amerikalı müsəlmanların dəstəyinə xüsusi önəm verməsi və İbrahim razılaşmalarının icrası ilə bağlı qətiyyətli mövqe sərgiləməsi onun birinci prezidentlik dövründə yarımçıq qalan məsələləri davam etdirmək niyyətində olduğunu göstərir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən ənənəvi iftar süfrəsində iştirak edib. O, çıxışı zamanı 2024-cü il prezident seçkilərində göstərilən dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib. Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi vədlərə sadiq qalır:
“Mənim administrasiyam İbrahim razılaşmaları çərçivəsində Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün fəal diplomatiya aparır. Hər kəs bunun qeyri-mümkün olduğunu düşünürdü. İndi isə biz bu razılaşmaları həyata keçirməyə başlayırıq.” O, yeganə istəyinin sülh olduğunu da vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, bu, onun seçkiqabağı təşviqat kampaniyasında irəli sürdüyü xarici siyasət konsepsiyasının əsas istiqamətlərindən biri kimi görünür.
“Lakin indiki məqamda bu siyasəti həyata keçirmək nə dərəcədə mümkün ola bilər? Tramp administrasiyasının İsrailə sərhədsiz dəstək nümayiş etdirməsi və hətta “Fələstinsiz Qəzza” planı ərəb dünyasında birmənalı qarşılanmayıb. Üstəlik, İsrail ilə Həmas arasında əldə edilmiş atəşkəs razılaşmasının faktiki olaraq uğursuz nəticələnməsi də vəziyyəti daha da mürəkkəbləşdirir. Bu baxımdan, Trampın İbrahim razılaşmalarına dair iddialarının reallaşma ehtimalı ilə bağlı neqativ ssenarilər də istisna edilə bilməz”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az