"Ermənistanın bu təşkilatlarla bağlı hərəkəti, gözdən pərdə asmaqdır" -Mübariz Göyüşlü

“Ermənistan artıq bir müddətdir ki, Rusiyanın hegemon olduğu təşkilatlarda fəaliyyətini həm dondurduğunu, həm də zəiflətdiyini bəyan edir və bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da aiddir. Eyni zamanda, Avrasiya İqtisadi Şurasında da eyni mövqe sərgilənir. Düzdür, Ermənistandan bu təşkilatlardan açıq şəkildə çıxdığını elan etməsə də, faktiki olaraq passiv bir mövqe nümayiş etdirir, qərarların qəbulunda iştirak etmir və bu da faktiki olaraq bu təşkilatlardan çıxmaq deməkdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü il büdcəsini imzalamamaq qərarına gəlib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Ermənistan”a bildirilib. Nazirlik təsdiqləyib ki, İrəvan KTMT katibliyini maliyyələşdirmədə iştirak etməyəcəyinə dair rəsmi şəkildə xəbərdarlıq edib. Qurum əlavə edib ki, təşkilatın daxili prosedurlarına əsasən, illik büdcə ilə bağlı məlumat ictimaiyyətə açıqlanmır. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin bildirib ki, Ermənistan 2025-ci ilin sonuna qədər üzvlük haqqını ödəməsə, KTMT-yə üzv dövlətlər vəziyyətin inkişafı üçün müxtəlif ssenariləri nəzərdən keçirə bilər.

Siyasi şərhçi bildirib ki, görünür, Ermənistanın bu təşkilatlardan çıxmaqla bağlı addım atmaması, Rusiyanın sərt reaksiyasından və Ermənistanda baş verə biləcək daxili hadisələrdən ehtiyatlanmasından irəli gəlir.

”Bu addım, həm də həmin təşkilatları, daxildə və xaricdə erməni xalqının və digər üzv dövlətlərin gözündə etibarsızlaşdırmağa yönəlmiş bir cəhd kimi başa düşülə bilər. Ermənistana görə, bu təşkilatlar artıq onlar üçün lazımsızdır və buna dair ictimai rəyin formalaşdırılması məqsədilə addımlar atılır. Ermənistanın bu cür üsullarla təşkilatları tərk etməsi ehtimalı mövcuddur. Əslində, bu, ənənəvi erməni siyasəti ilə əlaqəli bir yanaşmadır. Həm KTMT, həm də Avrasiya İqtisadi Şurasında qalmaqla, Ermənistan eyni zamanda Avropa İttifaqına üzvlük üçün parlamentdə müzakirələr açır, qərarlar qəbul edir və paralel olaraq ABŞ ilə müxtəlif sazişlər imzalayır. Bu, Ermənistanın bütün tərəflərlə əməkdaşlıq adı altında tətbiq etdiyi siyasi hiyləgərlikdir. Lakin, bu yanaşmanın uzun müddət davam etməsi çətin görünür. Rusiya və digər tərəflər artıq bunun fərqindədir və Ermənistanın bu siyasəti uzun müddət davam etdirməsi mümkün olmayacaq. Nəticədə, Ermənistanın bu təşkilatlardan çıxması ehtimalı artmaqdadır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az