"Ermənistan gec-tez KTMT-dən çıxacaq" -Zeynal Əmrəliyev

“Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistan rəsmi olaraq Qərbin hərbi qanadına inteqrasiya prosesinə başlayıb. Ümumilikdə, Qərbə doğru inteqrasiya prosesi baş tutub və burada əsas mərhələdə məhz Qərbin hərbi qanadı ilə əməkdaşlıq etməkdir. Bu müddət ərzində Ermənistan, Qərbin aparıcı ölkələri ilə sıx əməkdaşlıq edib; məsələn, Fransadan çoxsaylı silahlar alıb. Bu, Ermənistanın müdafiə sənayesinin inkişafında Qərbin əsas rolunu göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü il büdcəsini imzalamaqdan imtina edib. Bu barədə “Sputnik Ermənistan” agentliyinə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlik, İrəvanın KTMT-nin katibliyini maliyyələşdirməyəcəyinə dair rəsmi xəbərdarlıq etdiyini təsdiqləyib. Həmçinin, qurum bildirib ki, təşkilatın daxili prosedurlarına əsasən, illik büdcə ilə bağlı məlumatların ictimaiyyətə açıqlanması nəzərdə tutulmur.

Siyasi şərhçi bildirib ki, əvvəllər Köçəryan və Sarkisyan rejimləri dövründə Rusiya ilə daha sıx əməkdaşlıq edilsə də, indi Qərblə əməkdaşlıq gücləndirilib və eyni zamanda Birləşmiş Ştatlarla da hərbi əməkdaşlıq artıb.

“Bayden administrasiyasının sonunda ABŞ və Ermənistan arasında imzalanmış strateji əməkdaşlıq müqaviləsinin şərtlərindən biri Ermənistanın hərbi gücləndirilməsidir. Bundan əvvəl ABŞ, hərbi tibb sahəsində Ermənistana güclü dəstək verirdi, o cümlədən təlimlər keçirdi. Ermənistan ordusunda Sərhəd Qoşunlarının modernləşdirilməsi məsələsi də gündəmdədir. Qərbin mövqeyi artıq daha da güclənib və Ermənistanın Qərbə inteqrasiyası davam edir. NATO-ya üzvlük prosesi artıq başlamışdır və bu, Qərbin Ermənistan qarşısında müəyyən tələblər qoymasına səbəb olub. Məsələn, Rusiyadan imtina etməlidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu təşkilatlardan biridir və Paşinyan hökuməti hələ də bu riskləri gözə almaq istəmir, çünki Rusiyanın ölkədə geniş hərbi bazası var, Gümrüdə hərbi baza yerləşir və Ermənistan ordusunda Rusiya ilə güclü əlaqələr mövcuddur. Amma, görünür ki, Ermənistan gec-tez KTMT-dən çıxacaq. Paşinyan bu barədə bəyan edib və niyyətləri, Ermənistanın KTMT-dən çıxmasını təmin etməkdir. Bunun üçün Ermənistan təşkilatın maliyyələşməsində iştirak etmir və müxtəlif yollarla bu təşkilatla əlaqələri soyuqladır. Ermənistanın dövlət və hökumət rəsmiləri təşkilatın fəaliyyətini tez-tez tənqid edirlər. Məsələn, Ermənistanın baş nazirinin əmri ilə KTMT-nin baş katibi olan Yuri Xaçaturov həbs edilib. Bütün bunlar, Ermənistanın KTMT-dən çıxmaq və Qərbə doğru inteqrasiyasını gücləndirmək niyyətində olduğunu göstərir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az