"Bu qurum Azərbaycana qarşı aparılan kampaniyalarda aparıcı rol oynayır" -Siyasi şərhçi

“Ermənistanın son dövrlərdə sərhəddə törətdiyi təxribatları sülh prosesinin üzərindəki minalar kimi dəyərləndirmək olar. Bu “minalar” partladıqca, proses daha da geri atılır. Halbuki artıq sülh müqaviləsinin mətni üzərində tam razılıq mövcuddur. Lakin bu razılaşmanın əldə olunmasından sonra Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatların intensivliyi azalmayıb. Azərbaycanın iki əsas şərti – ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciətin ünvanlanması və Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması – hələ də yerinə yetirilməyib. Ermənistan isə bu şərtləri yerinə yetirmək əvəzinə, yeni təxribatlara əl atmağı seçir. Təxribatlar təkcə sərhədlərlə məhdudlaşmır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, son günlər Ermənistan mediasında Azərbaycanla şərti sərhəddə vəziyyətin gərginləşdiyi ilə bağlı məlumatlar yayılır. Yerli “müstəqil mənbələr” atışma hallarının artdığını və Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini iddia edir. Bununla yanaşı, Ermənistan tərəfi həm hərbi aktivliyi artırır, həm də siyasi və informasiya təxribatlarını intensivləşdirir. Mövcud vəziyyət fonunda aprelin 5-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə Ordunun istənilən təxribata qarşı çevik və adekvat reaksiya verməyə tam hazır olduğu vurğulanıb.

Siyasi şərhçi qeyd edib ki, Qarabağın keçmiş separatçı rejiminin Ermənistandakı nümayəndəliyi hələ də aktiv fəaliyyət göstərir və bu qurum beynəlxalq arenada Azərbaycana qarşı aparılan kampaniyalarda aparıcı rol oynayır.

“Onların Ermənistan hakimiyyətinin dəstəyi olmadan bu cür fəaliyyət göstərməsi qeyri-mümkündür. Eləcə də sərhəddə baş verən hadisələrin rəsmi İrəvanın iradəsi xaricində baş verməsi real görünmür. Ermənistandakı revanşist qüvvələr kifayət qədər fəaldır və açıq şəkildə razılaşdırılmış sülh müqaviləsinə qarşı çıxış edirlər. Xüsusilə müqavilənin son iki razılaşdırılmış bəndinə – tərəflərin beynəlxalq instansiyalarda qarşılıqlı iddialardan imtinasını nəzərdə tutan müddəalara – ilk etiraz edən də məhz bu qüvvələr olmuşdur. Ermənistan hakimiyyətinin bu revanşist dairələrlə əməkdaşlıq etdiyi bir sıra faktlarla sübut olunur. Özünü “Artsax xalqının fundamental hüquqlarının müdafiəsi üzrə Komitə” adlandıran qurum Ermənistan parlamentində mütəmadi görüşlər keçirir. 2024-cü il 28 avqust tarixində keçirilmiş görüşdə ARF Daşnaksütyun partiyasının Hay Dat ofisinin nümayəndələri də iştirak etmişdir. Bu isə Ermənistan hakimiyyəti, keçmiş separatçılar və Daşnaksütyun partiyasının ideoloji və təşkilati müttəfiqliyini açıq şəkildə ortaya qoyur. Eyni zamanda, Ermənistan-Artsax Parlamentlərarası Komissiyası da separatçı irsin davamı kimi fəaliyyətini sürdürməkdədir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2024-cü ilin sentyabrında bu komissiyanın ləğv ediləcəyini bildirməsinə baxmayaraq, komissiya fəaliyyətini dayandırmayıb. Revanşist Daşnakların 26 fevral 2025-ci il tarixində keçirilən Konqresdə verdikləri açıqlamada Qarabağa guya beynəlxalq zəmanət altında ermənilərin qaytarılması, bölgəyə “keçid statusu” verilməsi və son mərhələdə “statusun müəyyən edilməsi” kimi məqsədləri irəli sürmələri onların əsas niyyətlərini açıq göstərir”.

Siyasi şərhçi sonda əlavə edib ki, 44 günlük Vətən müharibəsi ilə tarixə gömülmüş “status” məsələsini yenidən dirçəltmək cəhdləri Ermənistan daxilində hələ də müəyyən dairələr tərəfindən dəstəklənir:

“Ermənistanın silahlanma istiqamətində atdığı addımlar, hücum xarakterli silahların alınması və sərhəddə mütəmadi təxribatlar törətməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Bütün bu faktlar Ermənistanın real sülh gündəmindən nə qədər uzaq olduğunu bir daha sübut edir. Azərbaycan isə hər zaman sülhə sadiq olmaqla yanaşı, istənilən təxribata layiqli cavab verməyə və öz suverenliyini qorumağa tam hazırdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az