- Müşahidə məntəqəsi
- 14 Aprel 21:11
- 3 394
“Qərbin Azərbaycana qarşı planları iflasa uğrayıb” - AÇIQLAMA

“Qərbin Azərbaycana qarşı qeyri-adekvat və qeyri-obyektiv münasibətinə artıq ölkədə immunitet formalaşıb. Azərbaycan uzun illərdir – torpaqlar hələ işğal altında olduğu vaxtdan bəri – haqsız münasibətlə üzləşir. Bu münasibətin ilk və əsas təzahürlərindən biri vaxtilə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun fəaliyyəti idi. Minsk Qrupu Azərbaycan və Ermənistana qarşı eyni mövqe nümayiş etdirir, hər iki tərəfi münaqişəyə son qoymağa çağırırdı. Bu isə o demək idi ki, işğalçı ilə işğala məruz qalan eyni səviyyədə tutulurdu. Sonrakı dövrdə də, istər Minsk Qrupu çərçivəsində, istərsə də ondan kənar, həmsədr ölkələr – Rusiya, ABŞ və Fransa – müxtəlif vaxtlarda Azərbaycana qarşı haqsız mövqe sərgilədilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan başda Türkiyə olmaqla, dost və tərəfdaş ölkələrin dəstəyi ilə Qərbin Azərbaycana qarşı həyata keçirmək istədiyi planların qarşısını alıb. Nazir bu barədə “Anadolu” agentliyinə verdiyi müsahibəsində danışıb. O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya uzun illər Qarabağ münaqişəsinin həlli istiqamətində real və əməli addımlar atmayıb.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bu ritorikada müəyyən dəyişikliklər müşahidə olunmağa başladı.
“Rusiya münasibətini yumşaltdı və Azərbaycanla əlaqələrə daha çox önəm verməyə başladı. ABŞ da qismən neytral mövqe tutmağa çalışdı. Fransa isə əksinə, daha radikal mövqe sərgilədi və Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etmək istəmədi. Bu yanaşmaların nəticəsi olaraq zaman-zaman Azərbaycana qarşı müxtəlif beynəlxalq təşkilatlarda və digər platformalarda təzyiq və sanksiya cəhdləri olub. Lakin bu sınaqların hamısından Azərbaycan uğurla çıxıb. Bəzi hallarda Azərbaycana qarşı hazırlanan qətnamələr ya qəbul edilməyib, ya da qəbul olunsa belə, heç bir real təsirə malik olmayıb. Azərbaycan bu proseslərin öhdəsindən yalnız diplomatik resursları ilə deyil, eyni zamanda dost ölkələrin, xüsusilə də Türkiyənin dəstəyi ilə gəlib. Burada həm Azərbaycanın öz gücü, həm də ona dəstək göstərən tərəfdaşların rolu olub. Əgər 30 ildən artıq bir müddətdə – işğal dövründə və ondan sonrakı beş il ərzində – Qərb dövlətlərinin Azərbaycana qarşı təzyiq cəhdləri ciddi nəticə verməyibsə, bundan sonra da bu cəhdlərin uğur qazanması inandırıcı görünmür”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az